6 Avqust 2024 17:49
Bu ilin yanvar-iyul aylarında 38 ölkədən Azərbaycana hava nəqliyyatı ilə 1 milyon 956 min 882 nəfər sərnişin daşınıb.
Metbuat.az Dövlət Turizm Agentliyinin hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 6 ölkə (18,7 %) və 526 min 485 sərnişin (36,8 %) çoxdur.
7 ayda Azərbaycana 542 min 431 sərnişin daşınmaqla Rusiya ilk yeri tutub. Bu da, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 28,9 % artım deməkdir.
Təkcə iyul ayında Azərbaycana 387 min 514 sərnişin daşınıb. Bu, ötən ilin eyni ayı ilə müqayisədə 27,6 % çoxdur. İyulda Rusiyadan 99 min 467 sərnişin daşınıb ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 21 % çoxdur.
Bu ilin yanvar-iyul aylarında Rusiyadan sonra ən çox Azərbaycana Türkiyədən sərnişin daşınıb. Bu ölkədən 471 min 210 nəfər sərnişin səfər edib ki, bu da illik müqayisədə 21,4 % çoxdur.
İlk üçlüyə Birləşmiş Ərəb Əmirlikləri 259 min 082 sərnişinlə (+47,8 %) daxil olub.
Daha sonra, Gürcüstan 127 min 800 sərnişin (+ 42,9 %), Səudiyyə Ərəbistanı 73 min 429 sərnişin (+18,5 %), Hindistan 60 min 666 sərnişin ( + 9,2 dəfə), Qazaxıstan 60 min 135 sərnişin (+ 36,8 %), İtaliya 34 min 100 sərnişin (+2,1 dəfə), Özbəkistan 32 min 746 sərnişin ( - 14,9 %) və Qətər 32 min 008 sərnişin (+ 86,5 %) gəlir.
İlk onluğa Hindistan, İtaliya Qətər daxil olaraq, Küveyt (30 min 302 sərnişin, + 35,7 % ), İsrail (29 min 034 sərnişin, + 19,1 %) və Almaniyanı (21 min 803 sərnişin, + 9,5 %) siyahıdan çıxarıb.