METBUAT.AZ

İqtisadiyyat

Azərbaycanda dollar ajiotajı -

24 Avqust 2024 15:51

Bir müddətdir ki, Azərbaycanda devalvasiya olacağı, dolların qiymətinin artacağı barədə informasiyalar, şayiələr dolaşır. Son olaraq belə həyəcanlı xəbər 2 gün öncə media və sosial şəbəkələri bürüdü. Həmçinin, bir çox banklar 2 gün ərzində dollar satışını da məhdudlaşdırdılar.

Düzdür, Mərkəzi Bank dollar satışında məhdudiyyət tətbiq edilmədiyini bəyan etdi, ancaq bir çox banklarda 20-21 avqustda vətəndaşlara dollar satılmayıb və ya 100 dollardan çox verilməyib. Bu ajiotajın əsası varmı? Azərbaycanda dollar bahalaşması, devalvasiya ehtimalları varmı?

Metbuat.az Musavat.com-a istinadən bildirir ki, bununla bağlı İqtisadçı Natiq Cəfərli danışıb. O deyib ki, Azərbaycanda devalvasiya inzibati qərarla ola bilər. Bu, bazarda baş verən hadisələrlə əlaqəli deyil:

"Azərbaycanda məzənnə inzibati qaydada tənzimlənir. Mərkəzi Bank və hökumət bununla bağlı qərar verərsə, o vaxt olar. Bunun ehtimalları ona görə yüksəkdir ki, artıq 9-cu ildir ki, sabit məzənnə rejimindəyik. Məzənnə dəyişmir. Bu uzun müddət belə qala bilməz. Müəyyən müddətdən sonra müəyyən dəyişikliklərə ehtiyac yaranacaq. Həm də ona görə ki, Azərbaycanda neftin hasilatı və neft gəlirləri, neftin qiyməti də azalır. Bu il olacağına inanmıram. Yəqin ki, gələn devalvasiya ilə bağlı qərar verilə bilər”.

İqtisadçı-ekspert Rəşad Həsənov deyir ki, hazırkı iqtisadi mühit, ölkənin idxal-ixrac əməliyyatlarının, tədiyyə balansının strukturunun göstəricilərinin, monetar siyasətin elementlərinin, fiskal yanaşmaların və sosial aspektlərin, xüsusi ilə də risklərin təhlili nəticəsində gəlinən qənaət ondan ibarətdir ki, bu gün Azərbaycanda maliyyə bazarında devalvasiyanı şərtləndirən təzyiq yoxdur. Bu gün maliyyə bazarında təklif qıtlığı yaranarsa, bu, qısamüddətli texniki səbəblərdən baş verə bilər:

"Uzun müddətli dövr üçün bu qıtlığı şərtləndirən hər hansısa bir faktor yoxdur. Ölkəyə daxil olan valyuta ölkədən çıxan valyuta ilə müqayisədə xeyli çoxdur. Bu şəraitdə devalvasiyanın iqtisadi və monetar aspektləri görünmür. Bu istiqamətdə təzyiqlər yoxdur. Amma onu da nəzərə almaq lazımdır ki, Azərbaycanda manatın məzənnəsi diktə ilə formalaşır. Əgər hansısa fərqli arqumentlərlə, əsaslandırmaqla hökumət qərar qəbul edərsə, bu da mümkündür. Yəni göstəricinin diktə qaydasında dəyişməsi ola bilər. Bu barədə müşahidələrimiz göstərir ki, hökumətdə hər hansısa qənaət yoxdur. Ancaq haçansa belə bir qərar qəbuletmə imkanları var. Faktiki olaraq heç bir real səbəb Azərbaycanda devalvasiyanı şərtləndirmir. Devalvasiyanın yaradacağı inflyasiya tədbirləri, sosial yük, vətəndaş və biznes üçün yaradacağı əlavə problemləri nəzərə almaq şərti ilə hökumət bu istiqamətdə hələlik qərar qəbul etməyəcək. Ən azından 2024-cü ildə devalvasiya gözlənilirmi”.

Ekspert bankların dollar satışını məhdudlaşdırmasından da danışıb:

"Dəfələrlə buna bənzər hallar baş verib. Amma 2017-ci ildən bəri faktiki olaraq ölkədə sabit məzənnədir. Ola bilsin ki, hərraclar arasındakı vaxt hansısa səbəbdən uzanır, banklar proqnozlaşdırmaqda çətinlik çəkirlər və lazım olan qədər hərracdan valyuta almırlar, nəticədə belə bir qıtlıqla üzləşirlər. Azərbaycan bazarı çox kiçikdir. İri bir şirkətin bazara daxil olub ,valyuta alıb hansısa borc öhdəliyini yerinə yetirməsi belə ciddi valyuta qıtlığı yarada bilər".

Ekspert bankların köhnə dollar satışına olan marağına da diqqət çəkib:

"Bankların kassalarında köhnə dollar var. Onu müştərilərə verəndə problem yaranır, götürmək istəmirlər. Çünki banklar bəzi hallarda köhnə valyutanı götürəndə müştəriyə problem yaşadıblar. Bununla bağlı stereotip var. Vətəndaş buna görə də köhnə dolları almağa meyilli deyil. Məsələ odur ki, köhnə dolların yığılması və onun federal rezerv sisteminə çatdırılması ilə bağlı xərclər banklar üçün müəyyən çətinlik yaradır. O baxımdan banklar çalışırlar ki, köhnə dollarları bazarda əritsinlər ki, əlavə xərc və komissiya ilə üzləşməsinlər".

Milli Məclisin 6-cı çağırış deputatı olmuş Azər Badamov bildirir ki, son vaxtlar bankların dollar satmaqdan yayınmaqları və manatın devalvasiyaya uğrayacağı ilə bağlı yayılan xəbərlər əsassızdır. Dolların satışı ilə bağlı müəyyən olunmuş qaydalar var:

"Bu qaydalarda hər bir şəxsə dollar satılması ilə bağlı hədd müəyyən olunub. Banklar da həmin qaydalara uyğun satışını həyata keçirirlər. Ola bilsin ki, son vaxtlar dollara tələbat həmişəkindən daha çox olsun. Bunun da yay mövsümü ilə əlaqədar olduğunu hesab edirəm. Çünki bu aylarda hamı məzuniyyətə çıxmağa və xaricdə istirahət etməyə çalışır. Bu baxımdan dollara olan tələbatın müvəqqəti olaraq artması gözləniləndir. Amma manatın devalvasiyaya uğrayacağı ilə bağlı yayılan xəbərlərin heç bir əsası yoxdur. Biz enerji resurslarımızı əsasən dollarla satırıq. Enerji resurslarının beynəlxalq bazarlarda qiymətləri yuxarı həddə qalmaqdadır”.


metbuat.az.