1 Avqust 2024 12:01
Nazirlər Kabineti “Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının keçiriləcəyi dövrdə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər barədə” qərar verib.
Metbuat.az xəbər verir ki, qərara əsasən, Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrində (xüsusi təhsil müəssisələri istisna olmaqla) təhsilin pillələri üzrə tədris və təlim-tərbiyə prosesinin aşağıdakı qaydada təşkili təmin ediləcək:
- ümumi təhsil pilləsi üzrə -2024-cü il noyabrın 12-dən 22-dək payız tətili;
- peşə, orta ixtisas və ali təhsil pillələri üzrə - Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda 2024-cü il noyabrın 12-dən 22-dək distant (məsafədən) formada təhsil.
Elm və təhsil Nazirliyi yuxarıda qeyd edilənlər nəzərə alınmaqla təhsil proqramlarının təhsil alanlar tərəfindən tam mənimsənilməsini təmin etmək məqsədilə müvafiq tədbirlər həyata keçirməlidir.