METBUAT.AZ

Gündəm

Bakıda sənaye istehsalı 11% azaldı

10 Avqust 2024 15:47

2024-cü ilin yanvar-iyun aylarında Bakı şəhərində sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 26,3 milyard manat təşkil edib ki, bu da illik müqayisədə 11.1% azdır.

Metbuat.az xəbər verir ki, Bakı şəhər Statistika İdarəsindən verilən məlumata görə, sənaye məhsulunun 76,4%-i mədənçıxarma, 20,5%-i emal, 2,3%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,8%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.

Qeyd edilib ki, sənayedə qeyri-dövlət sektorunun payı 83,3% olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 90,2%, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 9,8% təşkil edib. İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 1 iyul 2024-cü il vəziyyətinə 512 milyon manatlıq hazır məhsul ehtiyatı olub.

Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 40,8 milyon manat məbləğində digər məhsullar da mövcud olub.


metbuat.az.