METBUAT.AZ

Sosial

Bu şəxslər pensiyaya daha tez çıxa bilər

28 Avqust 2024 10:09

Xəbər verdiyimiz kimi, 1 iyul 2024 - 30 iyun 2025-ci il tarixində pensiya yaşı kişilər üzrə 65 il, qadınlar üzrə isə 64 ildir.

Bu proses “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsi ilə tənzimlənir. Qanuna əsasən, kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq, 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

Maraqlıdır, qadınlar hansı halda pensiyaya tez çıxa bilərlər?

Metbuat.az xəbər verir ki, məsələ ilə bağlı Dövlət Sosial Müdafiə Fondundan Cebheinfo.az-ın sorğusuna cavab olaraq bildirilib ki, ölkəmizin pensiya qanunvericiliyində bir sıra kateqoriyalar müəyyən olunub ki, onlar daha erkən dövrlərdə pensiya hüququ qazanır:

"5 və daha çox uşağı, 18 yaşadək əlilliyi müəyyən edilmiş uşağı olan analar, uşaqların ən azı 8 yaşınadək yaşaması şərtilə 5 il tez yaşa görə pensiya hüququ qazanır. Əmək şəraitinin zərərli və ağır olmasına görə güzəştli şərtlərlə əmək pensiyası hüququ verən sahələrdə azı 10 il çalışmış qadınların fərdi hesabında minimum pensiya təminatına imkan verən pensiya kapitalı olduqda sığorta stajından aslı olmayaraq, bu kapitalı olmadıqda, lakin 25 il ümumi sığorta stajı olduqda yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ var".

Bildirilib ki, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işlə əlaqədar vəzifələrdə çalışan qadınlar həmin işlər üzrə azı 25 il, səhhətinə görə uçuş işindən azad olunmuş qadınların isə həmin işlər üzrə azı 20 il sığorta stajı olduqda yaş həddi 15 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır:

"Eyni zamanda hipovizqanizm xəstəliyinə tutulan qadınların (liliputların) və fizioloji mütənasibliyi pozulmuş cırtdanboy qadınların azı 5 il sığorta stajı olduqda yaş həddi 20 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.

Həmiçinin hərbi qulluqçu və xüsusi rütbəli şəxs kimi xidmət edən qadınlar qanunvericiliyə uyğun olaraq tələb olunan xidmət müddəti olduqda onların yaş həddindən aslı olmayaraq (hərbi qulluqçulara yaşa görə əmək pensiyası hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur) pensiya hüququ yaranır".


metbuat.az.