28 Avqust 2024 10:13
"Qarabağ"ın ən böyük üstünlüyü odur ki, ilk oyundan sonra Qurban Qurbanov rəqibi analiz edib, bələd olub. "Qarabağ" ikinci oyunları daha yaxşı oynayır, ilk oyunda nisbətən zəif görünür, amma cavab oyununu yaxşı keçirir. Stadion da dolacaq, əminəm ki, "Qarabağ" mərhələ keçmək üçün 1 faiz də şans varsa, ondan istifadə etmək üçün hər şeyi edəcək".
Bu sözləri Metbuat.az-a açıqlamasında tanınmış idman şərhçisi Ceyhun Rzayev deyib. Onun sözlərinə görə, Romao da bu gün meydana çıxa biləcək və bu, təmsilçimiz üçün üstünlükdür:
"Gəlin etiraf edək ki, qarşıda 3:0 hesablı məğlubiyyət və "Dinamo Zaqreb" kimi təhlükəli komanda var, şanslar azdır. Maksimum 10-15%. Əvvəl Romaonun bu matçı buraxacağı deyilirdi, lakin UEFA reqlamentdə dəyişiklik edib və dünən bəlli oldu ki, Romao oynayacaq. Bu, çox böyük üstünlükdür. Çünki Yankoviç də zədəyə görə oyunu buraxır, Romao olmasaydı, meydanın mərkəzində kifayət qədər boşluq olacaqdı. Orada Patrik Andrade, Aleksey İsayev və ya Riçard Almeyda oynayacaqdı, bu tandemin güclü olması mümkün deyildi".
Ekspert bildirib ki, "Qarabağ" 4-5 qol vurmağa qadir komandadır:
"Juninyo, Zubir, Benzia çox usta futbolçulardır. İnanıram və ümid edirəm "Qarabağ" mərhələni keçəcək. Keçməsə də, faciə deyil. Klub 11 ildir qruplarda çıxış edir və bunlardan cəmi biri Çempionlar Liqasının qrupu olub. "Qarabağ" inanıram ki, Avropa Liqasının qrupunda oynasa, qrupdan çıxmağı bacaracaq. Bəlkə də bizə 1/4 final sevinci yaşadacaq".
Qeyd edək ki, "Qarabağ" bu gün Çempionlar Liqasının play-off mərhələsi çərçivəsində Xorvatiyanın "Dinamo Zaqreb" komandasını qəbul edəcək. İlk matç xorvatların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Cavidan Mirzəzadə / Metbuat.az