17 Avqust 2024 15:43
Çin internet istifadəçilərinin sayı baxımından dünyanın ən böyük ölkəsidir. CNNIC-nin (Çin İnternet Şəbəkəsi üzrə İnformasiya Mərkəzi) məlumatına görə, 2021-ci ildə ölkədə internet istifadəçilərinin sayı 1 milyard nəfəri ötüb. Hazırda bu rəqəm 1 milyard 100 milyon nəfər civarındadır ( https://www.statista.com/statistics/265140/number-of-internet-users-in-china/ ).
İnternet istifadəçilərinin yüksək kəmiyyəti paralel olaraq kiber cinayətlərin və saxta məlumat yayımının artımına səbəb olur. Dövlət də mövcud problemləri aradan qaldırmaq üçün önləyici addımlar atır. Bu kontekstdə Çin milli internet seqmentinin hüquqi-inzibati yolla tənzimlənməsinin sərt modelini yaratmış ölkələr sırasında ilk yerlərdən birini tutur. Hələ 1997-ci ildə ölkədə kiber məkana cavabdehlik daşıyan ixtisaslaşmış mərkəz - CNNIC yaradılıb (China Internet Network Information Center) və ona geniş səlahiyyətlər verilib.
CNNIC həm idarəedici, həm də veb xidməti göstərən təşkilatıdır. Çində internet resurslarının istismarı, idarə edilməsi və xidmətlərinə cavabdehdir. Aid olduğu sahədə tədqiqatlar aparır, məsləhətlər verir, qlobal əməkdaşlığı və texnoloji mübadiləni həyata keçirir. O cümlədən, şəxsi informasiyaların oğurlanması, haker hücumları və dələduzluq halları ilə bağlı tədbirlər görür. ( https://www.bloomberg.com/profile/company/0916184D:CH?embedded-checkout=true ).
“China Daily” qəzeti yazır ki, dövlət əhalini şəbəkə cinayətlərindən qorumaq üçün aktiv və sərt tədbirlər görür. Hakerlərə, onlayn ticarət dələduzlarına və dezinformasiya yayıcılarına, həmçinin, bu cür hallara birbaşa və dolayı yolla dəstək verən kompaniyalara qarşı ciddi cəzalar tətbiq edir.
Çin hökuməti internet fəaliyyəti üzrə qanunvericiliyi təkmilləşdirib. Paralel olaraq, kiber təhlükəsizliyin hər bir istiqaməti üzrə ixtisaslaşmış təşkilatlar formalaşdırıb. Dezinformasiayaya qarşı mübarizə tədbirlərinə də bu kontekstdə yanaşılır.
Dezinformasiyaya qarşı mübarizə tədbirləri
2024-cü ilin yanvar ayına olan məlumata görə, Çində sosial media istifadəçilərinin sayı 1 milyard 60 milyon nəfərə çatıb ki, bu da ümumi əhalinin 74,2 faizinə bərabərdir ( https://datareportal.com/reports/digital-2024-china#:~:text=China%20was%20home%20to%201.06,percent%20of%20the%20total%20population ). Qeyd olunan statistika göstərir ki, sosial şəbəkə platformaları insanların həyat tərzinə çevrilib, ictimai rəyə ciddi şəkildə nüfuz edir. Çinin rəsmi qurumları hesab edirlər ki, sosial şəbəkə platformaları zorakılığı, terror ideyalarını təbliğ etmək, saxta xəbərlər yaymaq, xaosa sövq etmək üçün əsas təhlükə mənbəyinə çevriliblər. Bildirirlər ki, sosial şəbəkə platformalarında hüquqi və inzibati tənzimləmə tədbirləri görülməsə, milli təhlükəsizliyə, ictimai maraqlara zərbə vuraraq böyük problemlər yarada bilərlər. Bu səbəbdən Çin beynəlxalq miqyasda tanınan, xüsusilə ABŞ-də formalaşdırılıb idarə olunan sosial şəbəkə platformalarının (Google, Facebook, İnstagram, YouTube, X və s.) əksəriyyətinin fəaliyyətini öz ərazisində məhdudlaşdırıb. İnternet üzərindən yayılan məzmunun nəzarətdə saxlanılması üçün "Great Firewall" sistemi tətbiq olunub.
"Google", "Facebook", "Twitter" və "YouTube" kimi məşhur platformalara girişi məhdudlaşdırmaqla yanaşı, Çin hökuməti onlara alternativ olan milli şəbəkə platformalarının istifadəsini təşviq edir. Məsələn, “Baidu” Çin əhalisi üçün əsas axtarış brauzeri rolunu oynayır. “WeChat” isə əsas sosial şəbəkə, mesajlaşma platforması kimi istifadə olunur. Bu platformalar hökumətin nəzarəti altında fəaliyyət göstərir və məlumatların yayılmasına ciddi şəkildə nəzarət olunur.
İnternet informasiya resurslarında saxta xəbər və onun növlərinin, xüsusilə dezinformasiyanın qarşısını almaq üçün “Çin Xalq Respublikasının Kibertəhlükəsizlik Qanunu”nda xüsusi müddəalar nəzərdə tutulub. Ölkədə saxta xəbərə qarşı mübarizə hüquqi məsuliyyət yaradacaq, cəza tədbirləri görüləcək şəkildə aparılır. Dövlət təhlükəsizlik orqanlarının yalan məlumatlara qarşı apardıqları tədbirlərin nəticələri haqqında hökumətin 2023-cü il hesabatında qeyd olunub ki, dezinformasiya ilə mübarizə tədbirləri çərçivəsində il ərzində 80 mindən çox şübhəli hal aşkarlanıb. Dezinformasiya və yanlış məlumatı ehtiva edən 10 mindən çox material xüsusi formada araşdırılıb. Görülən tədbirlər çərçivəsində 1500 nəfərdən çox şübhəli şəxs həbs olunub, 10 min 700 nəfərə yaxın şəxsə qarşı inzibati cəza tətbiq edilib. Həmçinin, mediada yayılan şayiə xarakterli 735 min məlumat təhlükəsizlik orqanları tərəfindən aradan qaldırılıb (https://www.gov.cn/yaowen/liebiao/202404/content_6945008.htm ).
“Çin Xalq Respublikasının İctimai Təhlükəsizlik üzrə Cəza Qanunu”nun 25-ci maddəsinin müddəalarına əsasən, yalançı təhlükə, epidemiya, xüsusilə fövqəladə hallar haqqında saxta, şayiə xarakterli məlumat yaymaq cinayət məsuliyyəti hesab edilir ( http://gat.fujian.gov.cn/ztzl/cryjfwwj/flfg_28281/201801/t20180118_3568092.htm ). “Çin Xalq Respublikasının Cinayət Qanunu”nun 291.1-ci maddəsi isə yalançı təhlükə, epidemiya, fövqəladə vəziyyət və polis haqqında sosial şəbəkələrdə, yaxud media qurumlarında saxta informasiya yaymağa görə 3 ildən çox olmamaqla azadlıqdan məhrum etmə cəzası yaradır. Əgər yayılmış saxta xəbər ağır nəticələrə səbəb olarsa, 7 ilə qədər azadlıqdan məhrumetmə cəzasına səbəb olur (https://mp.weixin.qq.com/s?__biz=MzkyMzQwNzgzOA==&mid=2247492235&idx=4&sn=78915de8a884557ba9ee25e5508baebc&chksm=c0079db23f305225838592e4d2437280def086fdcf0949926597b46e46dc0871e0b0a5930203&scene=27 ).
Çin hökuməti ictimai asayişin qorunması üçün dezinformasiyanın yayılmasının qarşısını almağa böyük əhəmiyyət verir. Bu istiqamətdə görülən tədbirləri koordinasiya etmək məqsədilə ixtisaslaşmış qurumlar yaradır. “Cyberspace Administration of China” departamenti kibertəhlükəsizlik və dezinformasiya halları üzrə təhqiqatlar həyata keçirən, tədbirlər görən orqandır (https://www.cac.gov.cn/2019-06/14/c_1124625476.htm).
2017-ci ildə qüvvəyə minmiş Kibertəhlükəsizlik Qanunu (Cybersecurity Law)Çində internet məzmununun senzurasını gücləndirir. Bu qanun, internet provayderləri və sosial media platformaları üçün saxta məlumatların yayılmasına görə hüquqi məsuliyyət yaradır. Qanunun tələbinə əsasən, provayderlər zərərli və yalan məlumatları sürətlə silməli, onların geniş auditoriyada yayılmasının qarşısını almalıdırlar. Qanun, şəxsi məlumatların qorunmasını da nəzərdə tutur və istifadəçilərin şəxsiyyət təsdiqi tələbini artırır.
Sosial şəbəkədə hesab açmaq üçün İD tələb olunur
Çində internet istifadəçiləri sosial media platformalarında hesab açmaq üçün şəxsiyyət vəsiqəsi məlumatlarını təqdim etməlidirlər. Bu, anonimliyi məhdudlaşdırır və yanlış məlumatların yayılmasının qarşısını almağa kömək edir. Yalan məlumat yayan şəxslərin daha asanlıqla müəyyən olunmasını təmin edir.
2024-cü il avqust ayının 8-də qüvvəyə minmiş qaydalara əsasən, Çin hökuməti internetdə yeni milli İD sisteminin tətbiqini elan edib. Onlayn təhlükəsizlik və nəzarətlə bağlı artan narahatlıqlara cavab olaraq hazırlanmış bu təşəbbüs internet istifadəçilərindən dövlət tərəfindən verilmiş unikal identifikatordan istifadə edərək qeydiyyatdan keçməyi tələb edir.
Çin mediası xəbər verir ki, hökumət yeni sistemin əsas məqsədinin internetdə dezinformasiya, fırıldaqçılıq və kibercinayətkarlığın yayılmasına qarşı mübarizə aparmaq olduğunu bildirib. Rəsmilərin sözlərinə görə, belə bir tədbir istifadəçilərin məsuliyyət səviyyəsini artırmaq və ictimai asayişi gücləndirmək üçün nəzərdə tutulub.
Yeni qaydalara əsasən, bütün onlayn platformalarda qeydiyyat zamanı istifadəçilərin şəxsiyyətini yoxlamaq və hesabları dövlət qurumları tərəfindən verilən unikal eyniləşdirmə nömrələri ilə əlaqələndirmək tələb olunacaq. Artıq “Weibo”, “Xiaohongshu” və “Douyin” kimi sosial şəbəkə platformaları öz paylaşımlarında istifadəçilərin ünvanını göstərməyə başlayıblar.
İnformasiya təlimatları
Hökumət, media orqanlarına və sosial şəbəkə platformalarının provayderlərinə müəyyən mövzularda necə məlumat vermək lazım olduğu barədə təlimatlar göndərir. Bu, xüsusilə siyasi və sosial mövzularda dezinformasiyanın yayılmasının qarşısını almaq üçün edilir. Bu təlimatlar vasitəsilə hökumət məlumatların necə təqdim olunacağını müəyyən edir.( https://www.cfr.org/backgrounder/media-censorship-china , https://www.voanews.com/a/china-media-directives-reveal-granular-detail-of-state-censorship/6275855.html )
Məlumat üçün qeyd edək ki, beynəlxalq təşkilatların Çində internet informasiya resursları üzrə tətbiq edilən sistemə münasibətləri birmənalı deyil. Tənqidçilər bu ölkədə məxfilik və söz azadlığının potensial pozuntuları ilə bağlı narahatlıqlarını ifadə edirlər. Buradakı sistemin internet üzərində hökumət nəzarətinin artmasına və informasiyaya çıxışın məhdudlaşdırılmasına xidmət etdiyini deyirlər.
Məqalələr maarifləndirici xarakterlidir. Azərbaycanda dezinformasiyaya qarşı mübarizə üzrə innovativ dayanıqlığın yaradılması prosesinə töhvə vermək məqsədilə hazırlanıb. Mövzu üzrə beynəlxalq nəzəri fikirlər təqdim olunur, təcrübədən nümunələr göstərilir.
Fəaliyyət Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi (MİTDİB) tərəfindən icra olunan “Dezinformasiyaya qarşı mübarizə vasitələri” adlı layihə çərçivəsində icra edilir. Layihənin maliyyə dəstəkçisi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.
Proqram çərçivəsində ümumilikdə 10 məqalənin hazırlanıb dərc edilməsi nəzərdə tutulub.
AZƏRBAYCAN RESPUBLİKASININ
QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARINA
DÖVLƏT DƏSTƏYİ AGENTLİYİ
Məqalələrin məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.