METBUAT.AZ

Sosial

Gənc valideynlərin uşaqlarla bağlı psixoloji mövzuda maarifləndirilməsi

28 Avqust 2024 15:32

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “İdeyanı reallaşdır-2023” qrant müsabiqəsinin qalibi Fatimə Həsənova Nahid qızı tərəfindən icra olunan “Gənc Valideyn” adlı layihə çərçivəsində 25 avqust tarixində Lənkəran rayonu Boladi kənd 1 saylı orta məktəbində psixoloji seminar keçirilib.

Metbuat.az xəbər verir ki, tədbirin açılışını layihə rəhbəri Fatimə Həsənova edib. O uşaqların inkişafında psixoloji məsələlərin önəmindən danışıb. Daha sonra Azərbaycan Gənclər Fondunun layihəyə verdiyi maliyyə dəstəyinə görə gənclər adından təşəkkürünü də bildirib və iştirakçı olan gənclərin də gələcəkdə Fondun qrant müsabiqələrində iştirakını onlar üçün uğurlu addım kimi diqqətə çatdırıb. Eyni zamanda Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyinə görə və məktəb rəhbərliyinə təşəkkürünü bildirib.

Tədbirdə iştirak edən Boladi 1 saylı tam orta məktəbin direktoru Seyran Əliyev valideyn uşaq münasibətlərinin uşaqlara təsiri barədə danışıb. Eyni zamanda bu tip layihələrin həyata keçirilməsinə görə layihə rəhbərinə təşəkkürünü bildirib.

Layihə çərçivəsində həyata keçirilən seminar Psixoloq Fərrux Əliyev tərəfindən aparılıb. Seminarda ailə modelləri, uşaqlarda davranış pozuntuları, öyrənmə pozuntuları mövzuları haqqında danışılıb. Daha sonra valideynlər arasında qrup sorğu aparılıb.

Qeyd edək ki, layihənin əsas məqsədi gənc valideynlərin və valideyn olmağa hazırlaşanların maarifləndirilməsidir. Uşaqlarda yaranan psixoloji inkişaf ləngimələri, davranış pozuntuları, onların yaranma səbəbələri və aradan qaldırılmasına istiqamətində valideynlərin maarifləndirilməsi nəzərdə tutulur.

Əlavə edək ki, cari ilin sentyabr ayında layihənin Lənkəran şəhəri ilə yanaşı, digər rayonunda da keçirilməsi planlaşdırılıb.


metbuat.az.