METBUAT.AZ

Dünya

İrandan İsrailə zərbə endirməklə bağlı

17 Avqust 2024 22:48

İran HƏMAS liderinin qətli ilə bağlı cavab tədbirlərini təxirə salıb.

Metbuat.az xəbər verir ki, bu barədə "The New York Times" nəşri Amerika, İran və İsrail rəsmilərinə istinadən məlumat yayıb.

Əldə olunan məlumata görə, İran HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsinə görə İsrailə qarşı cavab tədbirlərini təxirə salmaq qərarına gəlib. Məqsəd vasitəçilərin Qəzza zolağında atəşkəs əldə etməsinə mane olmamaqdır.

İran rəsmiləri bildiriblər ki, Dohada 15-16 avqust tarixlərində keçirilən danışıqların birinci günü başa çatdıqdan sonra, Qətərin Baş naziri Məhəmməd bin Əbdülrəhman əs-Sani, İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Bagiri Kaniyə zəng edib. O, danışıqların davam etdiyi bir vaxtda hər hansı gərginlikdən çəkinməyə çağırıb.

Tərəflər söhbət zamanı regionda sakitliyin və gərginliyin azaldılmasının vacibliyini vurğulayıblar. Bagiri Kani, Qətərin Baş nazirinin münaqişənin sona çatması ilə bağlı danışıqların “həssas” mərhələdə olduğunu qeyd etdiyini bildirib.

Qeyd edək ki, ABŞ, Misir, Qətər və İsrailin iştirakı ilə keçirilən danışıqlar 21 avqustda Qahirədə davam edəcək.


metbuat.az.