METBUAT.AZ

Sosial

İxtisas seçimində valideyn müdaxiləsi olmalıdırmı? -

10 Avqust 2024 08:05

Ölkəmizdə valideynlərin övladlarına ixtisas seçimi zamanı müdaxiləsi təəssüf ki, adi hal alıb. Hətta bəzi hallarda ixtisas seçimini birbaşa valideyn özü də edir.

Valideynlərin bu cür davranış sərgiləməsi nə dərəcədə doğrudur? Əslində bu cür vəziyyətdə onlar necə davranmalıdırlar?

Metbuat.az mövzu ilə bağlı mütəxəssislərlə söhbətləşib. Fikirlərini bölüşən psixoloq Aygün Cəfərova deyib ki, bütün bu davranışların uşaqların psixologiyasına mənfi təsir göstərir:

Valideynlərin övladlarına ixtisas seçməsi və yaxud təyziqlə onlara müəyyən seçimlərdə yönləndiməsi gənclərin psixologiyasına çox mənfi təsir göstərir. Hətta dərin izlər buraxır. Çünki onlarda öz seçimlərinə, maraqlarına inamsızlıq yaradır. “Mən seçə bilmirəm”, “bacara bilmədim” - şüuraltı belə bir düşüncə formalaşır. Bu da özgüvənsizliyə səbəb olur.

Psixoloq bildirib ki, valideynlərin doğru seçim hesab etdiyi sahədə uşaqlar özünü heç vaxt tam görə bilməyəcəklər:

"Faydalı bir peşə sahibi ola bilməyəcəklər. Bu hal onların emosional durumlarına, münasibətlərinə, işində inkişafa təsir göstərəcək. Belə insanlarda hətta psixoloji problemlərdə yarana bilir.

İlk öncə seçim edə biləcək sağlam düşüncəli övlan böyüdülməlidir. Hansı peşəni seçməyindən aslı olmayaraq, əgər bir uşaq sevdiyi peşəni seçə bilirsə, bu özü böyük xoşbəxtlikdir. Sadəcə olaraq valideynlər hər zaman övladlarına dəstək olmalıdır".

Mövzuya münasibət bildirən sosioloq Lalə Mehralı vurğulayıb ki, ökədə artıq öz ixtisasını sevməyən gənclər ordusu formalaşır:

Nə valideyn məcbur etməməlidir ki, övladı onun istədiyi ixtisası seçsin, nə də övlad valideynin fikirlərinə hörmətsizlik etməməlidir. Ortaq məxrəcə gəlinməlidir.

Valideyin də istəyər övladı ömrünü perspektivi olan ixtisasa həsr eləsin. Biz balaca bir ölkəyik, amma hər gəncin universitetdə seçə biləcəyi bir neçə ixtisas var. Ən çox istənilən ixtisaslar hüquq, biznesin idarə edilməsi, kompüter elmləridir. Bu sahələrə həddindən artıq tələb var.

Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov mövzu barədə danışarkən deyib ki, valideynlərin övladlarının yaxşı mənada yanında olması həmişə təqdirəlayiqdir:

"Valideynlər övladlarının inkişafı naminə dəstəklərini ifadə etməlidirlər. Onların yanında olmalıdırlar. Amma bu o demək deyil ki, valideyn öz övladının istəyini nəzərə almamalıdır. Əgər valideyn savadlı, dünyagörüşlüdürsə, onsuzda o övladını elə tərbiyə edir ki, artıq onların seçim etmək vərdişləri formalaşır. Ona görə də, daha aşağı yaşlarda valideyn öz övladının seçim etmək bacarığının formalaşmasında iştirak etməlidir.

İxtisas seçimi həmçinin uşağın öz arzusuyla olmalıdır. Təbii ki, 11-ci sinfi bitirmiş bir şəxs hələ də ixtisas seçimi edə bilmirsə, deməli problem elə o gəncin özündədir. Gənclər artıq 9-cu sinfi bitirəndən sonra bilməlidir ki, mən hansı sahədə çalışa bilərəm".

Seyranə Quliyeva / Metbuat.az

Məqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə "Uşaq və gənclərin fiziki və mənəvi inkişafı" mövzusu üzrə dərc olunub.


metbuat.az.