29 Avqust 2024 19:43
Rusiyanın Ukraynaya irimiqyaslı hücumu zamanı paytaxt Kiyevdəki məşhur Kiyev bəndinin də vurulduğu açıqlanıb.
Metbuat.az xəbər verir ki, Ukraynanın ən böyük su anbarlarından biri olan Kiyev bəndindən milyonlarla kubmetr suyun buraxılması Kiyevə və Dnepr çayı sahilində yaşayan milyonlarla insana təsir göstərə bilər. 3 milyon əhalisi olan Kiyev və 1 milyon əhalisi olan Dneprdən başqa, Dnepr çayı üzərində Zaporojya, Çerkassı, Kremençuk və Zaporojya Atom Elektrik Stansiyası kimi böyük strateji ərazilər də var. Məlumata görə, bənd 3 gün əvvəl Rusiya ordusunun Ukraynaya irimiqyaslı hücumu zamanı vurulub.
Hücumda uzaq mənzilli, yüksək dəqiqlikli silahlardan və PUA-lardan istifadə edilib. Prezident Vladimir Zelenski ölkənin enerji sisteminə ciddi ziyan dəydiyini açıqlayıb. Ukraynanın energetika naziri German Qaluşenko enerji sistemində vəziyyətin ağır olduğunu vurğulayıb. Ukrayna rəsmiləri hücumun elektrik stansiyasına birbaşa ziyan vurmadığını açıqlasa da, Ukrayna mətbuatı kiçik ziyanın olduğunu iddia edib. Hündürlüyü təxminən 40 metr və uzunluğu 288 metr olan Kiyev bəndi Dnepr, Kaxovka və Kanivdəki bəndlərlə birlikdə ölkənin ən böyük bəndlərindən biridir. Kiyev bəndindəndəki mümkün fəsada görə suyun buraxılması paytaxt Kiyevin ortasından keçən Dnepr çayında suyun sürətlə artmasına səbəb olacaq. Paytaxtın mərkəzindəki belə bir vəziyyət isə böyük daşqınlara səbəb olabilər. Daşqın təkcə Kiyevə deyil, bir milyon əhalisi olan Dnepr və Dnepr çayı üzərində yerləşən 750 min əhalisi olan Zaporojya kimi digər böyük şəhərlərə də təsir edə bilər.
Qeyd edək ki, Kiyev bəndinin və yaxınlıqdakı Su Elektrik Stansiyasının hədəfə alınması 2023-cü ildə Ukraynanın Xerson vilayətindəki Kaxovka Su Elektrik Stansiyasının bombalanması və dağıdılmasını xatırladıb. Ukraynanın Xerson vilayətində yerləşən, lakin Rusiyanın nəzarəti altında olan bənd bombardman nəticəsində ciddi ziyan görmüşdü. Bəndin dağılması nəticəsində daşqın baş vermiş və bir çox yaşayış məntəqəsi su altında qaldığı üçün təxminən 3 min insan təxliyə edilmişdi. Tərəflər hücuma görə, bir-birilərini ittiham etmişdi.