METBUAT.AZ

Sağlamlıq

Marketdən "noodle" alanların nəzərinə -

27 Avqust 2024 15:05

"Bu gün hər kəsin, əksər hallarda işləyən adamların və məktəblilərin istifadə etdiyi qidalar sırasında 1-ci yeri tutan hazır satılan ərişdələrdir. Bu ərişdələr heç də bizim bildiyimiz adi ərişdələrdən deyil, kimyəvi qatqı maddələrindən ibarət bir kütlədir".

Bu sözləri Metbuat.az-a açıqlamasında sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyib. O bildirib ki, bu məhsullarla qidalanan insanlarda bir çox daxili orqanların xəstəlikləri, eyni zamanda da həzm problemləmləri yaranır:

"Çünki bu məhsullara uzun müddət qalması üçün müəyyən kimyəvi qatqı maddələri vurulur ki, məhz bunlar sayəsində də həmin ərişdələr saatlarla mədədə olduğu kimi qalır. Bu da birbaşa olaraq həzm sisteminin pozulması ilə nəticələnir".

M.Hüseynova qeyd edib ki, xüsusilə həmin məhsulların yanında istifadə olunan dadlandırıcılar zərərlidir:

“Bu məhsulların tərkibinə el arasında Çin duzu adlandırılan maddə qatılır, bu da həmin qidadan aslılıq yaradır. Gələcəkdə qaraciyər və böyrək çatışmazlığına gətirib çıxarır. Bəzən bu qidaların yanında dadlı görünsün deyə, qurudulmuş tərəvəzlər olur. Bunların tərkibində də hər zaman istifadəyə yararlı məhsullardan istifadə olunmur. Çünki əksər hallarda onların tərkibinə belə kimyəvi qida maddələri qatılır. Belə məhsulların tərkibində bir çox hallarda mənşəyi bəlli olmayan, bitki yağı adı altında palma yağından və yaxud da sağlamlığa zərər vuran digər yağlardan istifadə olunur".

Seyranə Quliyeva / Metbuat.az


metbuat.az.