29 Avqust 2024 16:26
Rusiya elitasını təcrid etmək və onların Qərb maliyyə şəbəkələrinə çıxışını məhdudlaşdırmaq məqsədi daşıyan Qərb sanksiyaları davam edərkən, Elon Maskın "Twitter"i satın almasında rus oliqarxları ilə əlaqəsi olan şirkətin rol oynadığı üzə çıxıb.
Metbuat.az bildirir ki, "Washington Post" qəzeti bu yaxınlarda ABŞ-nin Kaliforniya ştatının Şimal Dairə Məhkəməsindən alınan sənədi paylaşıb.
Bu sənədə əsasən, İlon Maskın "Twitter"i (indi X adı ilə tanınır) almasına Rusiyanın biznes və siyasi dünyasının tanınmış simalarından olan Petr Aven və Vadim Moşkoviçin oğulları ilə əlaqəli investisiya fondu kömək edib.
Mask "Twitter"i 2022-ci ildə rekord qiymətə - 44 milyard dollara alıb. Alış müxtəlif maliyyə institutları, banklar və fondlar tərəfindən dəstəklənib. Məhkəmənin 2024-cü ildə elan etdiyi investorlar arasında ABŞ-də fəaliyyət göstərən vençur kapitalı şirkəti "8VC" bu alışın ən yaxşı 100 tərəfdarından biri kimi seçildi. "8VC"nin heyətinə Qərbin sanksiyalarına məruz qalan rus oliqarxları Aven və Moşkoviçin oğulları da daxildir.
Forbes-ə görə, "8VC" ABŞ Müdafiə Nazirliyi və NATO ilə müqavilə bağlayan şirkətlərə sərmayə qoyur.
Moşkoviç Rusiyanın ən böyük kənd təsərrüfatı şirkətlərindən biri olan "Rusaqro"nu yaradaraq kənd təsərrüfatı sənayesində sərvət qazanıb. O, həmçinin 2006-2014-cü illərdə Rusiya Federasiya Şurasında çalışıb, lakin Rusiya hökuməti ilə əlaqələrinə görə Avropa İttifaqı tərəfindən sanksiyalara məruz qalıb.
Aven isə Rusiyanın ən böyük maliyyə və sənaye konsorsiumlarından biri olan "Alfa Group"un sədridir. Moşkoviç kimi Aven də Kremllə sıx əlaqələri səbəbindən Qərbin sanksiyalarının hədəfinə çevrilib.