27 Avqust 2024 17:53
Bakı Tikiş Evi (BTE) bazarda saxta məktəbli formalarının satılması ilə bağlı xəbərdarlıq edib.
Metbuat.az İqtisadiyyat.az-a istinadən bildirir ki, BTE-nin şöbə müdiri Etibar Əzimovun sözlərinə görə, bəzi yerlərdə saxta məktəbli formalarının satışı həyata keçirilir.
Onun sözlərinə görə, həmin satışı həyata keçirənlər valideynləri aldatmaqla məşğuldurlar.
Şöbə müdiri söyləyib ki, həmin paltarlar bir dəfə yuyulduqdan sonra əski parçasına çevrilir.
“5 manata köynək olar? Nazirlər Kabinetinin qərarında əks olunub ki, polo köynəklər 100 faiz pambıqdan ibarət olmalıdır. 100 faiz pambıqdan ibarət olan köynək 5 manata necə satıla bilər? Bu, onun heç tikiş pulu eləmir. Bundan əlavə, şalvar və ətəklər 60 faiz yundan, 40 faiz poliesterdən olmalıdır. Bu materialdan ibarət olan şalvar və ətək heç vaxt 11-12-13 manata satıla bilməz. Bu, mümkün deyil. Bu, insanları aldatmaq deməkdir. Məlumdur ki, həmin mallar saxtadır və saxta paltarlar uşaqların bədənində fəsadlar törədə bilər. İnsanları bu cür aldatmaq olmaz”.
E.Əzimov həmçinin vurğulayıb ki, BTE-nin satış mərkəzlərində satılan mallara bir il zəmanət verilir.
Xatırladaq ki, Nazirlər Kabinetinin qərarına əsasən, məktəbli formaları dörd rəngdə nəzərdə tutulub. Şalvar və ətəklər yun və poliester qarışıqlı (yun 60%, poliester 40%), köynəklər pambıq iplik tərkibli parçadan (100% pambıq), jaketlər isə yarımyun (yun 50%, akril 50%) tərkibli qalın toxunma parçadan tikilir.
Qeyd edək ki, Azərbaycanda məktəbli formaları 20 faiz ucuzlaşıb. Şalvar və ətəklər 25 manatdan 20 manata, köynəklər 15 manatdan 12 manata endirilib. Jaketin qiymətində isə dəyişiklik edilməyib. Buna səbəb jaketin Türkiyədən idxal olunmasıdır. Odur ki, jaketlərin qiyməti 30 manat olaraq qalır.