28 Avqust 2024 09:51
Ekspert: “Ali təhsilli şəxslərin hərbi xidmət müddətinin 9 və ya 6 aya endirilməsi daha optimal variant ola bilər”.
Bu il qəbul imtahanlarında 27227 abituriyent ali məktəblərə qəbul oluna bilmədi. Onların böyük əksəriyyəti oğlanlardır. Aydındır ki, yeni qəbul başlayanadək imtahandan kəsilənlərin əksəriyyətinin hərbi xidmət yaşı çatacaq və əsgərliyə gedəcəklər. Hərbi xidmətə getdikdə isə 11 ildə əldə edilən biliklər xeyli yaddan çıxır. Hərbi xidmət dönəmində onların öz biliklərini qaydasında saxlamaq və təkmilləşdirmək imkanları olmur.
Metbuat.az musavat.com-a istinadən xəbər verir ki, bəzi şəxslər bu səbəbdən xarici ölkələrin ali məktəblərində təhsil almağın yollarını axtarırlar. Bu isə heç də həmişə özünü doğrultmur. Çünki bir çox ali məktəblərin diplomu Azərbaycanda tanınmır. Nəticədə onlar həm vaxt itirirlər, həm də xeyli pul xərcləyirlər.
Halbuki Azərbaycanda çağırışçı kontingenti ilə bağlı say problemi yoxdur. Dövlət Statistika Komitəsinin son məlumatları onu deməyə əsas verir ki, biz də kifayət qədər oğlan uşaqları var. Həmin uşaqların hesabına ordunu kifayət qədər çağırışçı ilə təmin edə bilirik. Ən azından növbəti ilə qədər ali məktəblərə qəbul ola bilməyən gənclərimizə 1 il möhlət hüququ verilə bilər.
Təhsil üzrə ekspert Elçin Əfəndi bunu o qədər də effektiv yol hesab etmir:
İki-üç il bundan öncə mənim təqdimatım əsasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, o cümlədən Dövlət İmtahan Mərkəzi belə qərara gəldi ki, may ayının 1-nə qədər 18 yaşı tamam olan vətəndaşlar həqiqi hərbi xidmətə çağırışçıdırlar. Mayın 1-dən sonra 18 yaşı tamam olanlar isə müvafiq olaraq ali təhsil müəssisələrinin müsabiqəsində iştirak edə bilərlər. Bu qərar alınandan sonra kifayət qədər dəyişiklik oldu. Əvvəllər 18 yaşı iyun və iyul ayında tamam olan şəxslər müvafiq olaraq hərbi xidmətə çağırışçı idilər və onlara möhlət tanınmırdı. Bu qərardan sonra kifayət qədər dəyişiklik baş verdi və yüzlərlə şəxs bu fürsətdən yararlanaraq ali təhsil müəssisələrinə daxil ola bildi. Əsgərlik yaşının 19-a qaldırılması yenidən eyni sayı qüvvədə saxlamaqla nəticələnəcək. Yəni bu o şəxslərdə arxayınlıq yaradacaq ki, hələ bir il vaxt var. Mövcud vəziyyətdə yalnız plan yerlərinin artırılması, müvafiq müsabiqə şərtlərinə dəyişikliklərin edilməsi, ali təhsil müəssisələrinə qəbul qaydalarının bir qədər yumşaldılması həmin şəxslər üçün daha əlverişli imkan yaradar.
Biz hərbi xidmət yaşını 19-a qaldırmaqdansa, xidmət müddətini azaltmağı təklif etməliyik. Bir il altı ay deyil də, bir il ola bilər. Ali təhsilli şəxslərin xidməti isə 9 və ya 6 aya endirilə bilər. Bu daha optimal variant ola bilər. Çünki bir il altı aydan sonra qayıdıb təhsilə adaptasiya olmaq çətinlik yaradacaq".
Hərbi ekspert Ədalət Verdiyev deyir ki, əsgərlik yaşını 19-a qaldırmaq məqsədəuyğun deyil:
“11 il ərzində dərsini qəbul səviyyəsində öyrənməyənlərin bir il ərzində prosesi tam yerinə yetirəcəyi real görünmür. Amma qəbulda iştirak edib daxil ola bilməyən şəxslərin fərdi müraciəti əsasında yalnız növbəti qəbul imtahanı başa çatacaq qədər möhlət hüququ verilə bilər. Lakin bu bir dəfə olmalıdır. Amma ümumilikdə hamının çağırış müddətini 19 yaşa qədər uzatmaq məqsədəuyğun deyil. Əsgərliyin ləngidilməsi həmin abituriyentlərin evlənməsinə gətirib çıxara bilər. Evli adamın hərbi xidmətə aparılması ayrı bir problem yarada bilər. 18 yaş meyarı havadan götürülməyib. İllərin təcrübəsi var, Azərbaycan reallıqları ilə uyğunlaşır.
Təbii ki, hərbi məktəbə qəbul olmayanlar üçün istisna olaraq qanunda dəyişiklik edilə və onlara növbəti imtahana qədər möhlət hüququ verilə bilər.
Əsgərlik yaşını 19-a qaldırsaq, 17 yaşında məktəbi bitirən şəxs iki il ərzində nə edəcək? Sadəcə vaxt itirəcək. Heç işləyə də bilməyəcək. Çünki hərbi xidmətdə olmayanları işə qəbul etmirlər. Biz təkcə imtahandan kəsilənləri deyil, universitetə sənəd verməyən oğlanları da düşünməliyik. Onların əsgərliyi ləngiyəcək. Nəticədə iki il bekar qalacaqlar".