METBUAT.AZ

İdman

Parisdə qızıl qazanan Kotsoyev kimdir? -

2 Avqust 2024 10:26

Xəbər verdiyimiz kimi, 100 kq çəki dərəcəsində çıxış edən Azərbaycan cüdoçusu Zelim Kotsoyev Parisdə keçirilən Yay Olimpiya Oyunlarının qalibi olub.

Metbuat.az onun dosyesini təqdim edir:

Zelim Kotsoyev 9 avqust 1998-ci ildə Şimali Osetiyanın Beslan şəhərində anadan olub.

O, 2015-ci ildə sərbəst güləş üzrə Azərbaycan yığmasının lideri, əslən Şimali Osetiyadan olan Xetaq Qazyumovun məsləhətinə əsasən Zəlim Kotsoyev cüdo üzrə Azərbaycan yığmasının heyətinə cəlb edilib. 2015-ci ilin iyulunda Zəlim Kotsoyev Azərbaycan bayrağı altında Bolqarıstanın Sofiya şəhərində baş tutan U-18 Avropa Çempionatında turnirin qızıl medalına sahib oldu.

Zəlim Kotsoyev IJF Qran-Pri seriyalı beynəlxalq turnirlərdə birinci qələbəsinə 2016-cı ilin iyulunda Monqolustanda baş tutan Ulan-Bator Qran-Prisində qızıl medal qazanmaqla imza atdı. 2017-ci ildə Zəlim Kotsoyev Tayvanda baş tutan Universiada Oyunlarının, Maribor şəhərində (Sloveniya) baş tutan gənclər arasında Avropa Çempionatının və Zaqreb şəhərində (Xorvatiya) baş tutan gənclər arasında Dünya Çempionatında qızıl medalların sahibi oldu.

Zəlim Kotsoyev 2020-ci il ərzində fevralda Düsseldorf şəhərində (Almaniya) IJF Düsseldorf Qran-Prisini və noyabrda Praqa şəhərində (Çexiya) Avropa Çempionatını bürünc medalla başa vurdu.

2021-ci ildə Zəlim Kotsoyev əvvəlcə yanvarda Doha şəhərində Doha Masters beynəlxalq turnirinin gümüş medalına sahib oldu, sonra isə apreldə Antalya şəhərində Antalya Qran-Prisinin qalibi oldu. Apreldə həm də Portuqaliyanın Lissabon şəhərində baş tutan Avropa Çempionatının bürünc medalına sahib olan Zəlim Kotsoyev avqustda Azərbaycanı Yaponiyada baş tutan XXXII Yay Olimpiya Oyunlarında təmsil elədi. Zəlim Kotsoyev olimpiadanın 1/16 final mərhələsində Fransa nümayəndəsi Alixandre İddir ilə üz-üzə gəldi. Həmin görüşdə Zəlim Kotsoyev rəqibinə vaza-ari balı ilə qalib gəldi və turnirin 1/8 final mərhələsinə adladı. Bu mərhələdə isə onun rəqibi Kanada nümayəndəsi Şadi El Nahas oldu. Bu görüşdə Zəlim Kotsoyev rəqibinə məğlub oldu və olimpiada da mübarizəsini başa vurdu.

2023-cü il də Zəlim Kotsoyev üçün uğurlu mövsüm oldu. Fransa, İsrail və Azərbaycanda baş tutan IJF Grand Slam beynəlxalq turnirlərində 1 qızıl və 2 bürünc medala sahib olan Zəlim Kotsoyev mayda Qətərin Doha şəhərində baş tutan Dünya Çempionatını bürünc medalla başa vurdu. Noyabrda isə Zəlim Kotsoyev Fransanın Monpelye şəhərində baş tutan Avropa Çempionatında bütün rəqibləri üzərində qələbə qazanaraq Avropa Çempionatının qızıl medalına sahib oldu.

Zəlim Kotsoyev 2024-cü ilin mayında BƏƏ-nin Əbu-Dabi şəhərində baş tutan Dünya Çempionatında bütün rəqibləri üzərində qələbə qazanaraq Dünya çempionu oldu. Nəticədə Zəlim Kotsoyev IJF olimpiya reytinq cədvəlində mövqeyini yaxşılaşdırdı və olimpiya lisenziyasına sahib oldu.


metbuat.az.