29 Avqust 2024 11:32
Avqustun 29-da saat 08:00 radələrində Quba-Xaçmaz yolunda baş vermiş yol-nəqliyyat hadisəsi səbəbilə 12 nəfər (7-si qadın cinsli, 5-i kişi cinsli olmaqla) müxtəlif bədən xəsarətləri ilə Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım bölməsinə hospitalizasiya olunub.
Metbuat.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, yaralıların hər birinə zəruri tibbi xidmət göstərilib, hazırda müalicələri tibb müəssisəsinin müvafiq şöbələrində davam etdirilir.
Onlardan 6 nəfərin vəziyyəti ağır, digər 6 nəfərin vəziyyəti isə qənaətbəxş olaraq qiymətləndirilir.
Qeyd edilib ki, qəza nəticəsində 1957-ci il təvəllüdlü şəxsin (qadın cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb.
08.55
Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Metbuat.az-a verilən məlumata görə, avqustun 29-u səhər saatlarında Quba rayonunun Hacıhüseynli kəndi ərazisində "Mercedes" markalı sərnişin mikroavtobusu ilə “Chevrolet” markalı minik avtomobili toqquşub.
Qəza nəticəsində 1 nəfər ölüb, 8 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırmalar davam etdirilir.