2 Avqust 2024 18:22
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda 384 min hektar əkin sahəsi sığortalanıb.
Metbuat.az Aqrar Sığorta Fonduna istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18 % çoxdur.
6 ay ərzində ən çox sığortalanan kənd təsərrüfatı bitkiləri arasında buğda, arpa, qarğıdalı, pambıq, eləcə də çəltik, şəkər çuğunduru, fındıq və nar bağları olub.
Sığortalı sahələrdə artım bütün bitkilər üzrə qeydə alınıb. Belə ki, sığortalanan pambıq sahələri 2,3 dəfə, çəltik əkinləri 2,2 dəfə, nar bağları 4,5 dəfə, arpa sahələri təqribən 2 dəfə, buğda sahələri isə 1,3 dəfə artıb.
I yarımildə ölkədə 11 milyon 183 min manat aqrar sığorta haqqı toplanıb. Bunun 10 milyon 189 min manatı bitkiçilik sığortası üzrə ödənilib və əkin sahələrinə ümumilikdə 418 milyon manat sığorta təminatı verilib. Ümumilikdə, sığortalanan təsərrüfatlar üzrə verilmiş sığorta təminatı 430 milyon manata yaxın olub.