METBUAT.AZ

Ölkə

Tanınmış psixoloq deputatlığa namizəd olmaq istədi

1 Avqust 2024 15:19

Tanınmış psixoloq Samirə Bağırova Növbədənkənar parlament seçkilərində namizədliyini irəli sürüb.

Metbuat.az xəbər verir ki, psixoloq bu barədə sosial şəbəkə hesabında paylaşım edib. O, namizədliyini irəli sürdüyü 1 saylı Suraxanı seçki dairəsində bir sıra problemlərlə qarşılaşdığını etiraf edib:

"Seçki dairəsinə gedən kimi, məni tanıdılar və həmin anda aşağılanma, maneələrlə üzləşdim. Namizədlik blankını doldurduqda nə isə soruşanda deyirdilər, namizədliyini verməyə gəlmisən, bunu bilmirsən? Savadsızsan filan. Maksimum dərəcədə emosiyalarımı qorumağa çalışırdım. Kiməsə sual verirsən cavabı 15 dəqiqə çəkir, salam verirsən istəməsələr salamı almırlar, hər kəs yüksək eqoda idi, bunun səbəbini də anlayırdım.

Sonra dedilər ki, yalnız Suraxanıda olan Beynəlxalq Bank filialında hesab açmalısınız, ora getdim, dedilər bizdə blank yoxdur, notariusa getdim, orda dedilər bizdə blank olmur, nəhayət Xətai rayonundakı Beynəlxalq Bank filialına gedib bank hesabımı orada açdırdım və onu Suraxanı Rayon Seçki dairəsinə gətirdim. Buna görə deyindilər ki, niyə Suraxanıdakı filialda açdırmamısınız? Dedim ki, nə fərqi var, sizə bank hesabı lazım deyil? Nəhayət, qəbul edib dedilər ki, gedin, biz sizə imza vərəqləri üçün zəng vuracağıq. 4 gün sonra mənə zəng vurdular, getdim 2 saat məni gözlətdilər, dedilər işimiz var nə vaxt bitirərik onda imza vərəqlərini verərik.

Nəhayət, Mərkəzi Seçki Komissiyasına yığıb dedim ki, məntəqədə məni incidirlər. Yalnız bundan sonra məni çağırıb imza vərəqələrini verdilər. İmza yığmağa 5 gün vaxtım var idi. Hövsanda depupat sözünün “d”na elə bir aqressiya, nifrət, kin var idi ki, adamı parçalayardılar. Hətta 2 dəfə üstümə hücum oldu, məni bundan əvvəl iki dəfə Suraxanı rayonundan seçilən xanımla səhv salmışdılar. Sonradan məni tanıdılar və imza atdılar”.


metbuat.az.