16 Avqust 2024 12:59
"Ermənistan Qərbdən Fransa və ABŞ-nin maraqlarını təmin edir. ABŞ-nin və Fransanın regionda aktivləşməsi Ermənistanın yeni havadarlar axtarışına çıxmasının nəticəsidir. Belə davam edərsə, regionda çox təhlükəli proseslər baş verə bilər".
Bunu Metbuat.az-a açıqlamasında ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib. O bildirib ki, Ermənistan rəhbərliyi və ya havadarları tərəfindən atılan hər bir addımı Azərbaycan cavabsız qoymayacaq:
"Azərbaycan üçün təhlükə Ermənistanın silahlandırılmasıdır. Azərbaycanla Ermənistanın hələ də müharibə şəraitində olduğunu nəzərə alsaq, təbii ki, Ermənistan bizim üçün sülh müqaviləsindən qaçan düşmən ölkədir. Belə olduğu halda, Ermənistanın silahlandırılması Azərbaycanın diqqətindən qaça bilməz.
Sülh müqaviləsi olmasa, Azərbaycanın hər hansısa addım atması anlaşılandır. Bu olmalıdır ki, düşmən güclənməsin, Azərbaycana qarşı hansısa revanşist addımlar atmasın. Bu gün Ermənistanın möqveyi revanşdır, sülhdən qaçmaqdır. Bütün bunlar hansısa məqsədlərlə edilir. Ona görə də təxribatların sayı getdikcə arta bilər. Bu havadarlar üçün çox lazımlı şəraitdir".
Seyranə Quliyeva / Metbuat.az