29 Avqust 2024 15:24
Diyarbəkirin Bağlar rayonunda itkin düşən 8 yaşlı Narin Güranın 18 yaşlı qardaşı E.G-nin nəzarətə götürüldüyü bildirilib.
Metbuat.az türk mediasına istinadən xəbər verir ki, qollarında dişləmə izləri aşkarlanan E.G.-nin İstanbul Ədli Tibb Qurumuna göndərildiyi və orada aparılacaq müayinədən sonra yenidən Diyarbəkirə gətiriləcəyi bildirilib.
Avqustun 21-dən bəri davam edən axtarış işləri çərçivəsində İl Jandarma Komandanlığı və digər qruplar genişmiqyaslı araşdırma aparır. Sözügedən məhəllə və bütün ətraf ərazilərdə axtarışlar davam edir.
Ölkənin ədliyyə naziri Yılmaz Tunç Diyarbəkirin Tavşantepe rayonunda itən 8 yaşlı Narin Güranla bağlı istintaqın çoxşaxəli şəkildə davam etdiyini açıqlayıb.
Nazir Tunç bildirib ki, hazırda bir nəfər həbsdədir və hadisənin həlli üçün bütün detallar diqqətlə araşdırılır. İstintaqda ifadələrin hələ də alındığını vurğulayan Tunç, Narinin ən qısa zamanda sağ-salamat tapılacağına ümid etdiklərini bildirib.
Qeyd edək ki, hadisə avqustun 21-də günorta saatlarında Bağlar rayonunun Tavşantəpə kəndi ərazisində baş verib. Quran kursuna gedən Narin Güran evə qayıtmayıb. Ailəsi öz səyləri ilə ərazidə axtarış aparıb. Kənd sakinləri ilə aparılan axtarışlar nəticə verməyib, Narinin atası Arif Güran həmin gün saat 20:00 radələrində jandarma bölməsinə gedərək qızının itkin düşdüyünü bildirib.