8 Avqust 2024 15:18
"Ukrayna ilə Rusiya arasında olan müharibə müxtəlif mərhələlərdən keçir. Son məlumatlara görə, Ukraynanın bir qədər üstünlük əldə etdiyi görüntüsü yaranır. Amma müəyyən şübhəli məqamlar var. Rusiya bunu çox arxayın qarşılayır. Onlar bundan "qara piar" kimi istifadə edir. Ukraynaya qarşı mənfi rəy formalaşdırmağa çalışır. Yəni, onlar sülh tərəfdarı deyillər. Ola bilər ki, bunun ardınca Rusiyanın əks hücumları olsun".
Bu sözləri Metbuat.az-a açıqlamasında siyasətçi Akif Nağı deyib. O qeyd edib ki, Ukrayna aldığı silahlardan Rusiyaya qarşı səmərəli şəkildə istifadə edir:
"F16-ları alan kimi artıq onlardan istifadə etməyə başladılar. ABŞ, Avropa da müəyyən tərəddüdlərdən sonra daha geniş şəkildə Ukraynaya dəstək verir. Nəticəsinin necə olacağını demək isə çətindir. Müharibənin gedişinin ciddi şəkildə dəyişəcəyi gözlənilmir. Sülh sənədinin imzalanması ilə bağlı müəyyən söhbətlər də var. Ola bilər ki, sülh müqaviləsi ilə bağlı danışıqlar ərəfəsində bu cür gərginlik yaranıb. Hər iki tərəf danışıqlar masasına oturmamışdan əvvəl özləri üçün müəyyən üstünlük qazanmağa çalışırlar".
Akif Nağının fikrincə, Ukraynanın genişmiqyaslı əməliyyatlar həyata keçirməsi və müharibənin gedişatını öz xeyrinə dəyişməsi gözlənilmir:
"Çünki nə qədər silah-sursat alsa da, Rusiyanın qarşısında hərbi hərəkətlər etmək iqtidarında deyil. Amerikanın və yaxud Qərbin dəstəyi də silah-sursatdan o tərəfə keçməyəcək. Rusiya da geri çəkilmək fikrində deyil. Yaxın zamanlarda Rusiyanın əks zərbələri gözlənilir. Bunun nəticəsi isə Ukrayna üçün çox pis ola bilər".
Qeyd edək ki, ötən gün KİV-də yayılan məlumatlara görə, Ukrayna Silahlı Qüvvələri Rusiyanın Kursk vilayətinin Sudja rayonunun Nikolayevo-Daryino, Daryino və Sverdlikovo yaşayış məntəqələrini nəzarətə götürüb.
Seyranə Quliyeva / Metbuat.az