METBUAT.AZ

İqtisadiyyat

Valyutaya tələb artdı -

29 Avqust 2024 14:49

Valyutaya tələbin artmasına başlıca səbəb qeyri-neft-qaz idxalının artmasıdır ki, bu da investisiya aktivliyinin yüksəlməsi və dövlət xərclərinin genişlənməsi fonunda baş verir. Bu ilin ilk 7 ayında daxili mənbələrdən iqtisadiyyata yönəldilən investisiyaların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 10,7% artıb. Bu dövrdə dövlət büdcəsinin xərcləri 10,4% artıb.

Metbuat.az xəbər verir ki, bu sözləri Report-a müsahibəsində Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə bazarlarında əməliyyatlar departamentinin direktoru Elrad Seydiyev deyib.

Onun sözlərinə görə, dövlətin birbaşa valyuta komponentli xərcləri (xarici borc və s.) ötən ilin eyni dövrü ilə müqayisədə artıb:

“Bütün bunlar idxal üzrə qabaqcadan ödənişlərin artması ilə müşayiət olunub. Eyni zamanda cari ildə hökumət tərəfindən emissiya edilmiş avrobondun geri alışının həyata keçirilməsi (0,9 milyard ABŞ dolları), ölkədə fəaliyyət göstərən müəssisə və təşkilatlar tərəfindən ticarət kreditləri üzrə öhdəliklərin azaldılması (0,8 milyard ABŞ dolları) valyutaya tələbin 2023-cü illə müqayisədə artmasına gətirib çıxarıb. Qeyd edək ki, tədiyə balansının kapitalın hərəkəti hesabında baş verən bu struktur dəyişiklikləri, o cümlədən birbaşa xarici dövlət borcunun əhəmiyyətli azalması perspektivdə valyutaya tələbi azaldacaq amillərdir.

Ümumilikdə bildiririk ki, valyuta bazarı profisitli tədiyə balansı şəraitində fəaliyyət göstərir. Tədiyə balansının cari əməliyyatlar hesabının ümumi daxili məhsula nisbəti I rübdə 10,1% olub. Ticarət balansında 2024-cü ilin ilk 7 ayında 5,3 milyard ABŞ dolları məbləğində profisit formalaşıb. Proqnozlara əsasən 2024-cü ilin yekunu üzrə də cari əməliyyatlar hesabının profisitli olaraq qalacağı gözlənilir”.

MB rəsmisi qeyd edib ki, enerji daşıyıcılarının qiymətlərinin dəyişimi Azərbaycanın valyuta bazarına birbaşa təsir etmir:

“Valyuta bazarındakı vəziyyət tədiyə balansının vəziyyəti, dövlətin və özəl sektorun valyuta üzrə tələb-təklifi, məzənnə ilə bağlı gözləntilər kimi amillərdən təsirlənir. 2024-cü ilin dövlət büdcəsinin parametrlərindən göründüyü kimi, fiskal məqsədlərlə xərclənən neft gəlirləri valyuta bazarında tarazlığı dəstəkləyir.

Əlavə olaraq bildiririk ki, Mərkəzi Bank tərəfindən son 2 il ərzində faiz dəhlizinin təsir imkanlarının daha da gücləndirilməsi istiqamətində bir sıra mühüm təşəbbüslər həyata keçirilib ki, bu imkanlardan da zəruri hallarda dəstəkləyici tədbirlər kimi istifadə edilə bilər. Ümumilikdə qeyd edirik ki, hazırda manatın məzənnəsinə fundamental təhdid yaradacaq hallar müşahidə olunmur”.


metbuat.az.