METBUAT.AZ

Gündəm

Xankəndidə yaşayan ermənilər parlament seçkilərində iştirak edəcək? -

13 Avqust 2024 10:50

1 sentyabr - Azərbaycanda Milli Məclisə növbədənkənar seçkilər keçiriləcək. Seçkilərdə azərbaycanlılarla yanaşı, ölkə ərazisində yaşayan digər etnik qruplar, azsaylı xalqların da nümayəndələri iştirak edərək yaşadığı ərazi üzrə namizədliyini irəli sürmüş hər hansısa şəxsə səs vermək hüququna malikdir. Hazırda Azərbaycanda digər azsaylı xalqlarla yanaşı ermənilər də yaşayır və onların bütün vətəndaş hüquqları tam təmin olunub. Azərbaycanın Xankəndi şəhərində məskunlaşan ermənilərin hüquqları ilə yanaşı, təhlükəsizliyi də təmin edilib. Onlar da özlərini Azərbaycan vətəndaşı hesab edir və Azərbaycan ərazisində yaşamağa, Ermənistana qayıtmamağa qərar veriblər. Belə olan halda həmin şəxslərin Azərbaycanda seçkilərdə iştirak etmək və seçim hüquqları varmı? Yəni həmin ermənilər Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcəklərmi?

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən Azərbaycan Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü, hüquqşünas Vüqar Babayev bildirib ki, Azərbaycanda keçirilən seçkilərdə yalnız Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilər: "Seçki qanunvericiliyinə görə, Azərbaycanda müvəqqəti məskunlaşan, Azərbaycan Respublikasının vətəndaşı olmayan şəxslərin seçkilərdə iştirakı, seçim hüququ yoxdur. Xankəndidə məskunlaşan ermənilər yalnız Azərbaycan Respublikasının vətəndaşı olduqdan sonra onların seçmək hüquqları yaranır. Təkcə Azərbaycanda deyil, bütün dünyada seçkilərdə iştirak etmək üçün seçicidən vətəndaşlığı təstiq edən sənəd - pasport və ya şəxsiyyət vərəqəsi tələb olunur. Bu sənədi təqdim edəndən sonra seçicinin seçki hüququ tanınır və ona seçmək hüququ verilir. Hazırda Xankəndidə yaşayan ermənilər Azərbaycan vətəndaşı deyillər və onlar həmin ərazidə müvəqqəti məskunlaşıblar. Əgər Xankəndidə yaşayan ermənilər Azərbaycanda keçirilən seçkilərdə iştirak etmək istəsələr, onlar bunun üçün Azərbaycan vətəndaşlığını qəbul etməli, Azərbaycan Respublikasının vətəndaşı olmalıdırlar. Yalnız bundan sonra həmin şəxslər Azərbaycan Respublikasının vətəndaşı kimi seçkilərə qatıla bilər".

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən, 122 saylı Xankəndi Seçki Dairəsindən Milli Məclisə deputat seçilmiş və hazırda həmin dairədən deputatlığa namizədliyini irəli sürən Tural Gəncəliyev isə bildirib ki, hazırda seçicilərlə görüşlərini davam etdirir: "Azərbaycanın digər ərazilərində Xankəndi dairəsinin seçiciləri var, onlarla mütəmadi görüşlər keçirirəm. Bu günə qədər Xankəndidə yaşayan ermənilərdən seçkidə iştirak etmələri ilə bağlı müraciətlər almamışam".



metbuat.az.