METBUAT.AZ

Siyasət

22 saylı Seçki Dairəsinin məntəqələri ilə bağlı iddialar araşdırıldı

13 Sentyabr 2024 16:54

Sentyabr 1-də keçirilmiş növbədənkənar parlament seçkilərində 22 saylı Nəsimi-Yasamal Seçki Dairəsinin bəzi seçki məntəqələrində pozuntular olduğu haqqında iddialar araşdırılıb.

Metbuat.az xəbər verir ki, bununla bağlı məsələ Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında müzakirə edilib.

MSK-nın və Ekspert qrupunun üzvü Nailə Əsgərovanın təqdimatına əsasən, dairədən qeydə alınmış namizəd Cahandar İsmayılov bu barədə DSK-nın qərarından şikayət verib.

Araşdırma zamanı müraciətin əsassız olduğu müəyyənləşdirilib, ərizəçinin iddiaları təmin edilməyib. Beləliklə, DSK-nın müvafiq qərarı dəyişdirilmədən saxlanılıb.

MSK sədri Məzahir Pənahov əlavə edib ki, şikayətçi "Cahandar Bayoğlu" adı ilə sosial şəbəkələrdə fəaldır:

"Amma araşdırma zamanı onu iştiraka dəvət edəndə bizə heç bir irad bildirmədi".

Qeyd edək ki, sözügedən dairədən deputat olmaq üçün 8 namizəd mübarizə aparıb. Asim Mollazadə, Xaliq Hüseynov, Cahandar İsmayılov, İlqar Məmmədov, Xəyalə Əhmədova, İlham Ağayev, Ədviyyə Rəsullu, Ramil Şirinovun namizdə olduğu dairədə Asim Mollazadə qalib gəlib.

Xatırladaq ki, sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. Seçkiləri müşahidə etmək üçün 112 min 749 yerli müşahidəçi qeydə alınıb. Onlardan 65 mindən çoxu siyasi partiyaların nümayəndələridir. Qeydə alınmış beynəlxalq müşahidəçilərin sayı 598 nəfər olub ki, onlar 51 Təşkilatı, 69 ölkəni təmsil edib. Parlament seçkilərində qeydə alınan 990 namizəddən 305-i 25 siyasi partiyanın nümayəndəsidir. 371 nəfər siyasi partiyaların üzvü olmasına baxmayaraq, partiyalar tərəfindən namizəd olaraq irəli sürülməyiblər. Ümumilikdə 676 namizədin siyasi partiya mənsubiyyəti var.


metbuat.az.