12 Sentyabr 2024 23:04
“Bu məlumatı ictimailəşdirməkdə mənə kömək edin. 3000 şəhid məqaləsi vikipediadan tamamilə silindi. Aralında yüksək rütbəli hərbçilər, polkovnik-leytenantlar var”.
Metbuat.az xəbər verir ki, bu sözləri texnobloger Fərid Pərdəşünas yazıb.
O bildirib ki, müharibə dövründə könüllü qruplar tərəfindən yaradılan məqalələr tamamilə silinib:
“Müharibə illərində könüllü qruplar tərəfindən yaradılan şəhid məqalələri azərbaycanlı vikipediaçılar tərəfindən təmamilə silindi. Onlar buna səbəb kimi, şəhidlərin qeyri-ensiklopedik şəxslər olduğunu əsas gətiriblər.
Bu işi qaldıran və icmada razılıq olmadan edənlər isə bu yaxınlarda vətənə xəyanət maddəsi ilə həbs olunan Bəhruz Səmədovun Azərbaycan dili də daxil olmaqla 5 dildə məqaləsini yaradıb. Artsaxa müstəqillik arzulayan, azərbaycanlı olduğu üçün utanc duyan Bəhruz Azərbaycan alimi, sülh tərəfdarı kimi müxtəlif dillərdə vikipediaya yerləşdirilib.
Qlobal vikipediaya fondundan heç bir istək və məhdudiyyət olmadan illərdir məqaləsi olan şəhidlər silinib. Bu, birbaşa azərbaycanlı vikipediaçıların şəxsi təşəbbüsü əsasında olub. Aylardır buna zəmin hazırlanırdı. Təsəvvür edin, Azərbaycanda adına küçə olan, illərini vətənə xidmətlə keçirən, 5 medal sahibi şəhid bu ölkə üçün qeyri-ensiklopedik adlandırılıb, vikipediadan silinir. Əvəzində mans, rəqqas məqalələri qalır. Bəli, bunu edənlər azərbaycanlılardır.
Mənim məqaləmin silinmə səbəbi də hakimiyyət yönümlü fəaliyyətdə günahlandırılmağım və prezident mükafatı almağım idi. Hər şey gün kimi ortadadır və Azərbaycan vikipediasının tör-toküntü saxta anarxistlərin əlində olduğunu göstərir. Bu etdiyiniz haqlı mübarizə metodu deyil. Amma əmin olun, sizə uyğun mübarizə və cavab mən tərəfdən olacaq.
Bu işi edənləri adbaad ortaya çıxarmışam. Əgər hələ də Azərbaycanda həqiqi vikipediaçılar varsa, bu mövzuda mənə dəstək olsunlar. Sizin adınızı açıqlayacam. Baş prokrorluğa, Dövlət Təhlükəsizlik Xidmətinə haqqınızda bütün detalları ötürəcəm.
Medianı bu mövzunu işıqlandırmağa çağırıram”.