1 Sentyabr 2024 09:11
Zəngilan rayonunun Ağalı kəndində Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərdə seçicilər yüksək əhvali-ruhiyyədə iştirak edirlər. Səhər saatlarından başlayaraq seçicilərin aktivliyi müşahidə edilir.
Metbuat.az Azərtac-a istinadən xəbər verir ki, 125 saylı Zəngilan-Qubadlı seçki dairəsi üzrə işğaldan azad olunan Zəngilan və Qubadlı rayonlarında 5 seçki məntəqəsi fəaliyyət göstərir. 33 saylı seçki məntəqəsi Ağalı kəndi məktəbində fəaliyyət göstərir. Kənd sakinlərinin bu məntəqədə səsvermə hüququndan demokratik və şəffaf şəkildə istifadəsi üçün bütün şərait yaradılıb. Həmçinin 33 saylı seçki məntəqəsinə yaxın ərazilərdə çalışan işçilər də bu məntəqədə səsvermədə tam sərbəst şəkildə iştirak edirlər.
125 saylı Zəngilan-Qubadlı seçki dairəsi üzrə işğaldan azad olunan digər məntəqələrdə də aktivlik müşahidə edilir. Zəngilan rayonu ərazisində çalışan işçilərin səsvermədə iştirakı üçün Alıbəyli kəndi ərazisində 61 saylı seçki məntəqəsi, Ağbənd qəsəbəsində 62 saylı seçki məntəqəsi, Zəngilan şəhərinin mərkəzində isə 64 saylı seçki məntəqəsi fəaliyyət göstərir.
125 saylı Zəngilan-Qubadlı seçki dairəsinin Qubadlı rayonu üzrə isə 63 saylı seçki məntəqəsi fəaliyyət göstərir. Sözügedən dairədə 64 seçki məntəqəsi üzrə qeydə alınan seçicilərin sayı 56391 nəfərdir. Onlardan 31600 seçici və 36 seçki məntəqəsi Zəngilan üzrə, 24791 seçici və 28 seçki məntəqəsi isə Qubadlı rayonu üzrədir.