METBUAT.AZ

Elm və Təhsil

Anara Piriyevanın şikayətinə Təhsil İdarəsindən

24 Sentyabr 2024 15:43

Müğənni Samir Piriyevin həyat yoldaşı Anara Piriyeva videomüraciət yayaraq 42 nömrəli tam orta məktəbin direktorundan şikayətçi olduğunu bildirib. Buna səbəb sözügedən məktəbin direktorunun onun qızının geyiminə haqsız yerə irad bildirməsi olub.

Bakı Şəhər Təhsil İdarəsindən Metbuat.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Nazirlər Kabinetinin 17.03.2022-ci il tarixli 96 nömrəli qərarına əsasən, ümumi təhsil müəssisələrində vahid məktəbli geyimi tətbiq edilir:

"Həmin qərara əsasən 42 nömrəli məktəbin Pedaqoji Şurası tərəfindən valideynlərin rəyi nəzərə alınaraq 4 nümunədə geyim formasından biri (mavi və boz) seçilib. Bununla bağlı öncədən valideynlərə də məlumat verilib. 24.09.2024-cü il tarixində məktəb rəhbərliyi tərəfindən şagird (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) açıq rəngdə ətək geyindiyi üçün ona irad bildirilib və boz rəngdə ətək geyinməsi tövsiyə olunub. Valideyn isə irada görə məktəb rəhbərliyinə qarşı qeyri-etik ifadələr işlədib".

Qurum həmçinin valideynlərə məktəbdaxili qaydalara hörmətlə yanaşmağı və uşaqların məktəb mühitinə effektiv şəkildə uyğunlaşmasına dəstək olmağı tövsiyə edib:

"Qeyd edək ki, eyni görünüşə malik olan məktəbli forması şagirdlər arasında bərabərliyi təşviq edir".

Seyranə Quliyeva / Metbuat.az


metbuat.az.