METBUAT.AZ

Media

Audiovizual məhsulların istehsalı və yayımı üzrə müsabiqənin nəticələri açıqlandı

3 Sentyabr 2024 16:18

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və Azərbaycan Respublikası Audiovizual Şurası tərəfindən yeni media mühitində auditoriya yönümlü və hədəf kütlələrə hesablanmış məzmun istehsalı və yayımının təşviqi, maarifləndirici materialların rəqabətədavamlılığının artırılması, məzmun müxtəlifliyi və yaradıcılığının stimullaşdırılması, dövlət və cəmiyyət üçün prioritet istiqamətlər barədə məlumatların ictimaiyyətə səmərəli şəkildə çatdırılması məqsədilə 5 aprel 2024-cü ildə elan olunmuş dövlət sifarişi əsasında audiovizual məhsulların istehsalı və yayımı üzrə müsabiqənin nəticələri açıqlanıb.

Metbuat.az xəbər verir ki, müsabiqədə elmi-kütləvi, mədəni-maarif, təhsil mövzusu üzrə ARB və ARB 24; elm və mədəniyyət mövzusu üzrə ATV; milli adət-ənənələr və ailə dəyərləri mövzusu üzrə AzTV və Real TV; gənc nəsildə milli mənlik şüurunun, əxlaqi dəyərlərin və vətənpərvərlik hissinin inkişaf etdirilməsi mövzusu üzrə Xəzər TV; uşaq və gənclərin fiziki və mənəvi inkişafı mövzusu üzrə Space TV və Xəzər TV; Azərbaycanın dövlətçilik tarixi mövzusu üzrə İTV; ekologiya və ətraf mühitin mühafizəsi mövzusu üzrə isə Real TV və Space TV televiziya kanalları proqram kateqoriyasında qalib olub.

Sosial videoçarx kateqoriyasında isə azərbaycançılıq ideologiyasının yeni istiqamətləri – milli ideyanın təbliği mövzusu üzrə ARB 24; uşaq və gənclərin fiziki və mənəvi inkişafı və gənc nəsildə milli mənlik şüurunun, əxlaqi dəyərlərin və vətənpərvərlik hissinin inkişaf etdirilməsi mövzusu üzrə ATV; ekologiya və ətraf mühitin mühafizəsi mövzusu üzrə ARB24, ATV və AzTV televiziya kanalları uğur qazanıb.


metbuat.az.