METBUAT.AZ

Siyasət

"Azərkosmos" Türkiyə şirkəti ilə əməkdaşlıq edəcək

25 Sentyabr 2024 19:05

Bakıda keçirilən Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi (ADEX) çərçivəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik ("Azərkosmos") ilə Türkiyənin “Impro” şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Metbuat.az Agentliyə istinadən xəbər verir ki, müqaviləyə əsasən, "Azərkosmos"un kommersiya portfelini genişləndirmək məqsədilə “Impro” şirkətinə məxsus “Göktürk-1” peyki vasitəsilə əldə edilmiş təsvir və həllərdən istifadəsi nəzərdə tutulur.

“Göktürk-1” yüksək ayırdetmə qabiliyyətinə malik Yerin məsafədən müşahidə peykidir. Coğrafi məhdudiyyət olmadan Yerin istənilən nöqtəsindən görüntü əldə etməyə imkan verir.

Peykin təsvirlərindən xəritəçəkmə və planlaşdırma, kənd təsərrüfatı, torpaq örtüyünün tədqiqi, geologiya, ətraf mühitin monitorinqi, fövqəladə halların idarə edilməsi, sahil zonasının idarə edilməsi və su ehtiyatları üzrə müxtəlif proqramların həyata keçirilməsində istifadə olunur.

“Impro” şirkəti ilə əməkdaşlıq “Azərkosmos”un müştərilərə təqdim etdiyi coğrafi informasiya üzrə həll və xidmətlərin sayının artırılması üçün yeni imkanlar açacaq.


metbuat.az.