METBUAT.AZ

Elm və Təhsil

Bağça müəllimlərinin nəzərinə

11 Sentyabr 2024 13:48

Elm və Təhsil Nazirliyi dövlət məktəbəqədər təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması prosesinin 2025-2026-ci illərdən başlayacağını bildirib.

Nazirlik sertifikatlaşdırılmadan öncə bağça müəllimlərinin diaqnostik qiymətləndirməsinin aparılacağını bəyan etmişdi. Proses artıq başlayıb.

Metbuat.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, diaqnostik qiymətləndirmə tərbiyəçi-müəllimlərin təlim ehtiyaclarının müəyyən edilməsi məqsədilə sertifikasiya mərhələsinə hazırlıq məqsədi daşıyır.

İlk addım kimi məktəbəqədər təhsil müəssisələrinin pedaqoji heyəti – tərbiyəçi-müəllim və metodistlər üçün 2024-cü ilin iyulun 22-si və avqustun 29-da onlayn sınaqlar həyata keçirilib.

Agentlik vurğulayıb ki, diaqnostik qiymətləndirmə ilin sonunadək keçiriləcək.

“Məktəbəqədər təhsil müəssisələrində çalışan təhsilverənlərin diaqnostik qiymətləndirməsi ilə bağlı çərçivə sənədi hazırlanıb. Bakı və regionlar üzrə 3000-ə yaxın bağça müdiri, tərbiyəçi-müəllim, metodistlə görüşülüb və diaqnostik qiymətləndirmə ilə bağlı çərçivə sənədi müzakirə olunub. Diaqnostik qiymətləndirmə ölkənin bütün ərazilərini əhatə edəcək. Bu qiymətləndirməyə tərbiyəçi-müəllimlər və metodistlər cəlb olunacaq. 2026-cı ilədək isə pedaqoji heyətin sertifikasiyası keçiriləcək”, - deyə qurumdan bildirilib.


metbuat.az.