METBUAT.AZ

Siyasət

Ceyhun Bayramov İƏT Baş katibi ilə görüşdü -

26 Sentyabr 2024 09:27

Sentyabrın 25-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Əsəd Məcid Xan ilə görüşüb.

Metbuat.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Görüş zamanı tərəflər Azərbaycan və İƏT arasında gündəlikdə duran əməkdaşlıq məsələlərinə, habelə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində əməkdaşlıq perspektivlərinə dair müzakirə aparıblar. Nazir Ceyhun Bayramov Azərbaycanın İƏT ilə əməkdaşlığa xüsusi önəm verdiyini, Azərbaycanın Təşkilat çərçivəsində regional əməkdaşlığın genişləndirilməsinə töhfə verməyə hər zaman hazır və maraqlı olduğunu qarşı tərəfin diqqətinə çatdırıb. İqtisadiyyat, enerji təhlükəsizliyi və nəqliyyat-kommunikasiyalar sahələri üzrə əməkdaşlığın genişləndirilməsinin hər iki tərəf üçün prioritet istiqamətlərdən olduğu qeyd edilib. Təşkilatın üzv dövlətləri arasında əməkdaşlığın genişləndirilməsinin və bu vasitə ilə regionda ortaq iqtisadi inkişafa töhfə verilməsinin əhəmiyyəti vurğulanıb. Təşkilatın fəaliyyət istiqamətlərinə və məqsədlərinə uyğun olaraq, regiondaxili və regionlararası ticarətin genişləndirilməsinin önəmi bir daha vurğulanıb. Qarşı tərəf cari regional vəziyyət, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri, habelə Azərbaycan və Ermənistan arasında normallaşma və sülh gündəliyinin hazırkı durumu barədə məlumatlandırılıb. Baş katib Əsəd Məcid Xan Azərbaycanın Təşkilatın fəaliyyətində aktiv və məhsuldar iştirakının yüksək qiymətləndirildiyini, ölkəmizin İƏT-ə üzv dövlətlər üçün etibarlı tərəfdaş hesab olunduğunu diqqətə çatdırıb. Baş katib İƏT-in yaşıl və təmiz ətraf mühitə keçid ideyasına xüsusi əhəmiyyət verdiyini, bu istiqamətdə Azərbaycan tərəfindən irəli sürülmüş addım və təşəbbüslərin həyata keçirilməsinə müvafiq dəstək verməyə hazır olduqlarını bildirib. Şuşa şəhərinin İqtisadi Əməkdaşlıq Təşkilatının 2026-ci il üçün turizm paytaxtı seçilməsinin əhəmiyyəti qeyd edilib, bu ildə birgə mümkün tədbirlər barədə ideyalar səslənib. Bununla yanaşı, görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.


metbuat.az.