5 Sentyabr 2024 23:31
Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş bu gün Bakıda İsveç yığmasına qarşı keçirdikləri matçdan - Millətlər Liqasının oyunundan sonra baş tutan mətbuat konfransında fikirlərini bölüşüb.
Metbuat.az fanat.az-a istinadən xəbər verir ki, 69 yaşlı mütəxəssis 1:3 hesablı məğlubiyyəti belə şərh edib:
"Oyuna yaxşı başladıq. Şansımız oldu, təəssüf ki, hücumları qolla yekunlaşdıra bilmədik. Sonra müdafiə sisteminə keçdik. İsveç güclü komandadır. Uşaqlar müdafiədə yaxşı oynadı. İmkan tapanda dərhal hücuma keçirlər. Təəssüf ki, penaltidən yararlana bilmədik. İkinci hissəyə yaxşı başladıq. Yenə də hücumları uğurla sonlandıra bilmədik. Komandanın hücum xəttindən kifayət qədər razıyam. Qol vurmağa cəhd edirdilər. Müdafiədən isə 50 faiz razıyıq. Oyunun təşkilində problemlər vardı.
Niyə penaltini Ramil vurdu? Hələ oyundan öncə demişdim ki, penaltiləri Emin Mahmudov yerinə yetirməlidir.
Qapıçıdan razıyam, bir çox hallarda komandanı qoldan xilas etdi"