20 Sentyabr 2024 18:56
“Azərbaycanda il ərzində bir vətəndaş 20 min manatdan yuxarı valyuta mübadiləsini həyata keçirmək istədikdə pulun haradan əldə edildiyini əsaslandırmalıdır”.
Metbuat.az İqtisadiyyat.az-a istinadən bildirir ki, bunu açıqlamasında bank məsələləri üzrə ekspert Əkrəm Həsənov deyib.
O xatırladıb ki, əvvəllər vətəndaşlardan bununla bağlı hər hansı bir əsaslandırma tələb olunmayıb: “Bunu çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvercilik çərçivəsində edilməsi ilə əsaslandırırlar. Həmin qanunvericilikdə əldə edilən məbləğin 20 mindən yuxarı olması şübhəli əməliyyat kimi qiymətləndirilir. Amma orada söhbət birdəfəlik əməliyyatdan gedir”.
Ekspert söyləyib ki, vətəndaşdan həmin valyutanı haradan əldə etdiyini soruşmağın heç bir nəticəsi yoxdur:
“Çünki o, istənilən cavabı verə bilər. Məsələn, deyə bilər ki, həmin vəsait babamdan və ya nənəmdən miras olaraq qalıb”.
“Düşünürəm ki, bu bir profilaktik tədbirdir və milli valyuta ehtiyatına yük düşməməsinə hesablanıb. Bütün bunlar ondan xəbər verir ki, maliyyə sistemimizdə və manatla bağlı ciddi problemlər var. İndi bu özünü o qədər də büruzə verməsə də, gələcəkdə mümkün risklərdən qorunmaq üçün indidən qarşısını alırlar”, - ekspert Əkrəm Həsənov əlavə edib.