METBUAT.AZ

Ölkə

Havanın temperaturu iqlim normasından yüksək olub

23 Sentyabr 2024 17:54

2024-cü ilin sentyabr ayının ikinci ongünlüyündə havanın temperaturu iqlim normasından 5.2 dərəcə yüksək olub. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 11 və 13 sentyabr tarixlərində 31 dərəcə isti, bölgələr üzrə isə 12 sentyabr tarixində Naxçıvan MR-da 37 dərəcə isti müşahidə olunub.

Metbuat.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.

Onun sözlərinə görə, sentyabr ayının ikinci ongünlüyündə əksər bölgələrdə hava şəraiti yağmursuz keçsə də, əsasən dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan xarakterli yağıntılı hava şəraiti müşahidə edilib və ümumi olaraq bölgələr üzrə 8 gün yağıntılı keçib. Ən çox yağıntı isə aylıq normanın 70 faizi qədər Balakən-Şəki bölgəsinə düşüb. 13 sentyabrda Şahdağın yüksək dağlıq ərazilərinə (3500 metr yüksəkliyə qədər) qar yağması müşahidə olunub.

N. Mahmudov qeyd edib ki, sentyabr ayının ikinci ongünlüyünün bəzi günlərində küləkli hava şəraiti ilə bağlı rəng şkalasına uyğun olaraq sarı xəbərdarlıqlar verilib. Bakıda və Abşeron yarımadasında 1 gün, bölgələrdə isə 9 gün küləkli olub, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 16 m/s, bölgələrdə isə 21 m/s-dək güclənib.


metbuat.az.