METBUAT.AZ

Ölkə

İşdən çıxarılan müəllimlə bağlı

18 Sentyabr 2024 14:42

İmişli rayonu Aranlı kəndindəki 1 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Leyla Nəcəfquliyevanın işdən çıxarılması bu gün sosial şəbəkələrin ən çox müzakirə olunan mövzularından biridir.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin yaydığı məlumatda bildirilib ki, Leyla Nəcəfquliyeva 16 sentyabr 2024-cü il tarixində saat 08:00 radələrində sinif rəhbəri olduğu IIIb sinif şagirdlərinin bir qismini təhsildən yayındırıb.

Leyla Nəcəfquliyevanın həmin gün məktəbin həyətinin giriş qapısı qarşısında şagirdləri yerdə əyləşdirərək dərs keçməsi onun şəxsi mənafeyi naminə şagirdlərdən alət kimi istifadə etməsi kimi qiymətləndirlib. Onun “Təhsilverənlərin etik davranış Qaydaları”nı kobud şəkildə pozduğu da vurğulanıb. Buna görə də müəllimlə bağlınmış əmək müqaviləsinə 17 sentyabr 2024-cü il tarixdə xitam verilib.

L.Nəcəfquliyeva isə bu ittihamlarla razılaşmayaraq, yeni istifadəyə verilən məktəb binasındakı su və digər problemlərin həllini tələb ediyini bildirib.

Ötən il də L.Nəcəfquliyeva çalışdığı məktəbdə ayaqyolu olmaması ilə bağlı video çəkib paylaşmaqla gündəmə gəlmişdi.

Metbuat.az mdoern.az-a istinadən xəbər verir ki, işdən çıxarılan ibtidai sinif müəllimi Leyla Nəcəfquliyeva bu il deputatlığa namizəd olub.

Belə ki, o, 1 sentyabr 2024-cü il tarixində keçirilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 82 saylı İmişli-Saatli Seçki Dairəsindən deputatlığa namizəd olaraq qeydə alınıb. Müəllim bitərəf namizəd kimi öz təşəbbüsü ilə seçkilərdə iştirak edib.

Seçki günü bu dairədə 9 namizəd mübarizə aparıb.

Mərkəzi Seçki Komissiyasının (MSK) yekun seçki protokoluna əsasən, 82 saylı İmişli-Saatli Seçki Dairəsindən hakim Yeni Azərbaycan Partiyasının namizədi Səyyad Salahlı (Aran) qalib gəlib.

MSK Leyla Nəcəfqulieyevanın seçkilərdə 1139 səs topladığını bildirib.


metbuat.az.