9 Sentyabr 2024 14:55
Kreml Almaniya kansleri Olaf Şolzun “sülh planı”nın təfərrüatlarını bilmir və bu barədə yalnız mediadan məlumat alıb.
Metbuat.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib:
“Biz KİV-in xəbərlərindən başqa heç nə bilmirik. Deyirlər ki, hansısa plan hazırlanır. Amma orada hansı detalların olduğunu bilmirik. Biz heç bir planı qabaqcadan rədd etmirik. Lakin orada nədən söhbət getdiyini bilməliyik".
Eyni zamanda, mətbuat katibi qeyd edib ki, hazırda Ukraynadakı münaqişənin sülh yolu ilə həlli görünmür.
Peskov Almaniya kanslerinin “Şimal axını”nda təxribatla bağlı hərtərəfli təhqiqatın aparılmasının zəruriliyi ilə bağlı bəyanatına da münasibət bildirib. O, Kremlin Şolzun mövqeyi ilə razılaşdığını qeyd edib.
“Şimal axınının təxribatı hərtərəfli araşdırılmalıdır. Bu məsələ ilə bağlı bəzi dövlətlərin məsələni susdurmaq üçün cəhdlərinə baxmayaraq, heç bir halda buna yol verilməməlidir".