METBUAT.AZ

Siyasət

Müharibə ehtimalı Ermənistan üçün ağır nəticələr doğura bilər -

13 Sentyabr 2024 14:57

"Ermənistanın son hərbi təxribatları bu ölkənin daxili siyasi və hərbi dairələrində müxtəlif fikirlərin, fikir ayrılıqlarının olduğunu göstərir. Bəzi siyasi qruplar və hərbi dairələr Paşinyanın sülh danışıqlarını dəstəkləməyə bilər. Bu qüvvələr mövcud status-kvonu saxlamağa və ya müəyyən qazanclar əldə etmək üçün sülh prosesini ləngitməyə çalışırlar. Bundan əlavə, Ermənistanın müəyyən dairələri Rusiyanın bölgədəki mövqelərini qorumaq üçün gərginliyi artırmağa maraqlıdır".

Bu sözləri Metbuat.az-a açıqlamasında politoloq Asim Vəli deyib.

O bildirib ki, hərbi gərginlik həmçinin Ermənistanın sülh danışıqlarında üstün mövqe əldə etmək cəhdinin bir göstəricisi ola bilər".

"Həmçinin Paşinyan, sülh prosesində öz şərtlərini daha sərt formada irəli sürmək və danışıqlarda əlverişli mövqe əldə etmək üçün hərbi güc göstərməyə çalışa da bilər. Bu, Ermənistanın sülh danışıqlarında daha çox güzəşt tələb etməsinə və prosesin uzadılmasına gətirib çıxaracaq".

Politoloq qeyd edib ki, Ermənistanın tamamilə sülh danışıqlarından imtina etməsi ehtimalı azdır.

"Çünki beynəlxalq təzyiqlər və daxili ictimai rəy Paşinyanı sülh prosesini davam etdirməyə vadar edir. Ermənistan iqtisadi və siyasi baxımdan çətin bir dövrdən keçir və müharibə ehtimalı onun üçün daha da ağır nəticələr doğura bilər.

Ermənistanın sülh prosesini ləngitməyə və ya müəyyən taktiki addımlarla bu prosesi uzatmağa çalışması ehtimalı daha yüksəkdir. Gərginliyin artması, Ermənistandakı radikal qrupların və ya xarici qüvvələrin prosesə təsir etməsi ilə əlaqəlidir . Bu səbəbdən Ermənistanın sülh danışıqlarından imtina etməsi deyil, onu müxtəlif yollarla ləngitməsi və hərbi təzyiqlərlə Azərbaycanı güzəştlərə məcbur etməyə çalışması daha real ssenari kimi görünür".

Seyranə Quliyeva / Metbuat.az


metbuat.az.