METBUAT.AZ

Dünya

NASA Yeri əhatə edən elektrik sahəsini kəşf etdi

2 Sentyabr 2024 14:39

NASA-nın rəhbərlik etdiyi alimlərdən ibarət tədqiqat qrupu, onilliklər əvvəl nəzəri olaraq mövcudluğu bildirilən Yer kürəsini əhatə edən zəif elektrik sahəsini rəsmən kəşf edib.

Metbuat.az bildirir ki, kəşf NASA-nın "Endurance" raketindən əldə edilən məlumatlar sayəsində mümkün olub. 2022-ci ilin may ayında buraxılan suborbital vasitə təxminən 770 kilometr yüksəkliyə çatıb və bölgədəki elektrik yüklərinin dəyişməsini ölçüb.

Tədqiqatçılar mövcudluğunu təsdiqlədikləri bu fenomeni "ambipolyar elektrik sahəsi" kimi təyin edirlər. Üstəlik, bu hadisənin Yerin və Günəş sisteminin təkamülündə mühüm rol oynadığı düşünülür.

Sözügedən enerji sahəsinin mövcudluğu ilk dəfə 1960-cı illərin sonlarında irəli sürülüb. Həmin vaxt planetin qütbləri üzərindən keçən kosmik gəmi yüklü hissəciklər axını aşkar edib. Elm adamları daha sonra bu axını "qütb küləyi" adlandırdılar.

O zaman tədqiqatçıları təəccübləndirən başqa bir xüsusiyyət də bu hissəciklərin səsdən yüksək sürətlə hərəkət etməsinə baxmayaraq soyuq olması idi. Bu günə qədər texniki məhdudiyyətlər səbəbindən elektrik sahəsini rəsmi şəkildə müəyyən etmək mümkün olmamışdı.


metbuat.az.