12 Sentyabr 2024 11:24
Məlum olduğu kimi, ötən gün Respublikaçı Alternativ Partiyasının (ReAL) sədri İlqar Məmmədov istefa verdi.
Onun bu gözlənilməz istefa qərarından sonra partiyanın yeni sədrinin kim olacağı müzakirə mövzusuna çevrildi.
Siyasi kulislərdə ReAL Partiyasının yeni sədri olmağa ən iddialı şəxslər olaraq Natiq Cəfərli və Erkin Qədirlinin adı hallanır. Maraqlıdır, ReAL Partiyasının yeni sədri kim olacaq və bununla bağlı qərar nə zaman veriləcək?
Metbuat.az xəbər verir ki, partiyanın icraçı katibi Natiq Cəfərli “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, bu axşam Siyasi Komitənin iclası keçiriləcək:
“Bizim partiyanın nizamnaməsinə əsasən, qurultay Siyasi Komitəni seçir.
Partiyanın ali idarəedici orqanı da məhz Siyasi Komitədir. Partiyanın sədrini də Siyasi Komitə təyin edir, sədr isə partiyanın gündəlik fəaliyyəti ilə məşğul olur. İlqar Məmmədov partiya sədrliyindən istefa versə də, Siyasi Komitədə qalacaq. Sadəcə sədr kimi vəzifəsini icra etməkdən istefa verib.
Bu gün axşam saatlarında Siyasi Komitənin iclası keçiriləcək və gələcək addımlarla bağlı qərar veriləcək. Siyasi Komitənin istənilən üzvü sədr olmağa layiqdir. Lakin axşam keçiriləcək toplantıda kimlərin sədrlik üçün həvəsi və ya istəyi olsa, onu müzakirə edəcəyik. Çox güman ki, ReAL Partiyasının yeni sədrinin kim olacağı bu gün bəlli olacaq. Lakin bunu Konstitusiya Məhkəməsi parlament seçkilərinin yekun nəticələrini elan edəndən sonra açıqlaya bilərik”.
Natiq Cəfərli ReAL Partiyasının sədri ola biləcəyi ilə bağlı iddialara da münasibət bildirib:
“Siyasi Komitənin 8 üzvü var və onların hamısı partiya sədri vəzifəsinə layiqdir. Lakin yeni sədrin kim olacağı Siyasi Komitənin qərarından asılı olacaq. Əgər ReAL Partiyasının sədri olma məsuliyyətini mənə vermək istəsələr, bundan imtina etmərəm”.