1 Sentyabr 2024 16:15
"Səhər saatlarından apardığımız müşahidəyə əsasən gəldiyim qənaət budur ki, seçkiyə çox böyük maraq var və ölkənin bütün regionlarında vətəndaşlar gəlib öz layiqli namizədlərinə səs verirlər".
Metbuat.az xəbər verir ki, bu fikirləri növbədənkənar parlament seçkisində səsvermə hüququndan istifadə edən Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova jurnalistlərə açıqlamasında deyib.
Seçki prosesinin şəffaf şəkildə həyata keçirildiyini vurğulayan komitə sədri qeyd edib: “Namizədlərə də hüquqlarından istifadə etmək üçün geniş imkanlar yaradılıb. Biz elə bir dövlət qurmuşuq ki, vətəndaşların seçki hüququnu reallaşdırmasının bütün mərhələlərində bərabərliyin təmin olunmasını müşahidə edir və bunun üçün çalışırıq. Xüsusilə qadınlar bir qayda olaraq seçicilərin əksəriyyətini təşkil etsə də, namizəd kimi bərabərliyə o qədər də yaxın deyillər. Məqsədimiz seçkinin bütün mərhələlərində bərabərliyin təmin olunmasıdır”.
Bahar Muradova, həmçinin bildirib ki, Komitə Mərkəzi Seçki Komissiyası ilə birgə seçki prosesində bərabərliyin və iştirakçılığın təmin olunması üçün fəaliyyət göstərib.