17 Sentyabr 2024 14:25
"Fransa və Ermənistan Xarici işlər nazirləri arasında növbəti görüş olub. Nəticədə Fransanın Ermənistana 29 milyon avro verməsi ilə bağlı bəyanat imzalanıb. Bu Fransanın Ermənistana ilk yardımı deyil. Xüsusilə də Makron dönəmində Fransa hər cəhətdən Ermənistana yardım göstərir".
Bu sözləri Metbuat.az-a açıqlamasında politoloq Sultan Zahidov deyib. O bildirib ki, İkinci Qarabağ müharibəsindən dərhal sonra Fransan məclisinin hər iki palatası Azərbaycanın əleyhinə qətnamə qəbul etdi.:
"Ondan sonra Fransanın ermənilərə yönəlik siyasəti ilə bağlı hər hansısa ciddi dəyişiklik olmayıb. Müxtəlif formalarda Fransa həmişə Ermənistanı dəstəkləyən qətnamələrin qəbuluna çağırışlar edib. Bu gün Avropada Fransa anti-Azərbaycan mövqeyi ilə yadda qalan dövlətlərin başındadır. Bu baxımdan Fransanın Ermənistana verdiyi dəstək təəccüblü deyil".
Politoloq qeyd edib ki, əsas faktorlardan biri Makronun Cənubi Qafqaz siyasətidir:
"Makron Rusiya-Ukrayna müharibəsi fonunda yaranan boşluğu doldurmağa, Qafqaz regionunda təsir dairəsini genişləndirməyə çalışır. Xüsusən indiki dönəmdə - Fransa Afrikadan, Uzaq Şərqdəki, Sakit okean hövzəsindəki regionlardan çıxır.
Nəzərə alsaq ki, Qafqaz həm də Asiya ilə Avropa arasında yerləşən bir regiondur, tranzit potensialı böyükdür. Bu baxımdan Fransa bu regionda möhkəmlənmək istəyir. Bunun üçün də vasitəçi məhz Ermənistanı seçib. Öz məkirli planlarını reallaşdırmaq üçün Ermənistanı alətə çevirib".
Qeyd edək ki, Fransa Ermənistana 29 milyon avro verəcək. Bunu Fransanın xarici işlər naziri Stefan Sejurne deyib. O həmçinin vurğulayıb ki, Fransa və Ermənistan müdafiə sahəsində əməkdaşlıq edəcək.
Seyranə Quliyeva / Metbuat.az