METBUAT.AZ

Gündəm

Şəhid...

27 Sentyabr 2024 09:42

O, lap tezdən - yerindən qalxan kimi adəti üzrə oğlunun otağına getdi. “Sabahın xeyir, balam!” - deyib, ayaqlarının ucunda qalxaraq oğlunun taxtadan olan maketinin boynuna sarıldı. “Boyuna qurban olum, lay divar oğlum” - deyib, sinəsindən öpdü: “yarandan öpdüm, tez sağalacaq”. Sonra qollarını oğlunun belinə sardı: “elə bil bir az sınıxmısan, hə?!.” - gözləri yaşardı… Bütün gücü ilə oğlunu özünə sıxdı - “anan sənə qurban olsun”!.. Hardasa bir dəqiqəyə yaxın beləcə qaldı. Sonra ayrılıb küncdə qoyulmuş stola yaxınlaşdı, güldandakı bir az solmuş qərənfilləri barmaqları ilə yoxlayıb, “bunları da dəyişmək lazımdır, atana deyərəm gedib rayondakı gül dükanından alar” - dedi. Pəncərinin ağzındakı dəsmalı götürüb stolun üstündəki şəkillərin, qol saatının, bloknotun, içində oğlunun adı yazılmış kağız olan boş gilizin, medalların, əsgər çəkməsinin tozunu aldı. Hər gün sildiyindən hamısı gül kimi idi, əslində.

İllərdir hər səhəri belə başlayır Ümidə ananın...

Sonra divardan asılan əsgər buşlatının önünü açıb, üzünü içinə söykədi, dərindən qoxladı və xeyli beləcə qaldı. “Balamın qoxusu da özü kimi gözəldi, min qoxunun içindən seçərəm” - pıçıldadı. Buşlatın önünü bağlayıb, yenidən oğlunun maketinin yanına qayıtdı. Onu bir də qucaqlayıb dedi: “Axşama kimi gəlməsəm, narahat olma. Elçin şəhid olub, onu gətiriblər, onlarda olacam. Kəndin aşağısında qalan Gülnarənin oğlu. Yadında, neçə dəfə qaranlıqda evlərinə ötürmüşdün balaca olanda. Körpənin cəmi 18 yaşı vardı... Gedim Gülnarəni bir az sakitləşdirim. Deyirlər yerə-göyə sığmır, çığırmaqdan səsi batıb; deyirmiş, qoymayacam balamı qara torpağa qoysunlar”…

Otağa bir də göz gəzdirib, nəyisə unutmadığına əmin olandan sonra qapını ardınca bağlayıb çıxdı.

Şəhid evlərinin ən ağrılı hissəsidir şəhid otaqları. Hər gün yüzlərlə ananın səhəri belə açılır - yatağından qalxan kimi balasının otağına baş çəkir, şəklini öpür, paltarını qoxlayır, yadigar qalan əşyaların tozunu alır…

Bəy otağı kimi bəzənmiş, güllü-çiçəkli şəhid otaqları bu anaların ağladığı, balası ilə söhbətləşdiyi, xatirələrinin sapa düzüldüyü ən məhrəm ünvandır.

Mənim ən çox ziyarət etdiyim iki şəhid ocağı var. İmkan düşdükcə, Könül xanımgilə gedirəm. Yan otaqda bir az dərdləşəndən sonra gedək Turala baş çəkək - deyirəm. “Otağına” deməyə dilim gəlmir. Sağlığında Turalın öz otağı olmayıb heç… Müharibənin son günündə Şuşada ürəyindən güllə yarası alıb 21 yaşında şəhadətə ucalan, yaraşıqlı, bütün şəkillərdə üzündə təbəssüm olan Turalın otağı da digər şəhidlərimizin otağına bənzəyir. Elə bəzəklidir ki.. Könül xanım balasının otağının Turalın yaraşığına layiq olması üçün əlindən gələni edib. Divar boyu qurulan dolabda Turalın müxtəlif portretləri, şəxsi əşyaları, ona həsr olunmuş kitablar, təltif olduğu medalları qoyulub. Öz qısa ömründə dillərə dastan olan qəhrəmanlıqlar göstərən Tural, “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub. O, müharibədə neçə yaralı döyüşçü dostunu güllənin altından çıxararaq xilas edib.

Otağın hər tərəf çiçəkdir. Bütün divarlara şəkilləri vurulub. Yaraşıqlı Tural, uşaqlıqdan gəncliyinədək bütün şəkillərində üzündə təbəssüm olan Tural.

Otağın qəribə aurası var - kədərli deyil. Bir neçə saniyə sonra adamın ruhunu bir hüzur bürüyür. Bütün divarlardan boylanan şəkillərdə Turalın üzündəki o gözəl təbəssüm adamı sehrinə salır. Bəlkə buna görədir ki, otağa daxil olan kimi əsasən xoş xatirələrdən danışırıq - Turalın necə ağıllı, mərhəmətli, qayğıkeş olmasından söhbət açır Könül xanım. Onun qısa ömründən yadigar qalan əşyaların içində telefonları, kitabları, saç darağı, qələmi, suvenirləri və s. var. Lap yeniyetməykən anasına şeir həsr edib. Anasına öz əli ilə şeir yazdığı saralmış dəftər vərəqi bu otağın ən dəyərli əşyalarındandır.

Tural ona həm ana, həm ata olan Könül xanıma çox bağlı olub. Ana çox darıxır Turalından ötrü. İllər keçsə də, yarası qaysaq tutmur, “Tural bir ayrı balaydı, bircə dəqiqə də yadımdan çıxmır” - deyir…

Bu ocaq qədər əziz olan, illərdir doğmalaşdığım bir ünvan da var - son döyüşündən öncə çəkdiyi vida videosu ilə hamını göz yaşına boğan, Vətən müharibəsi qəhrəmanı, şəhid Şahin Allahyarovun evi. Əslində Şahin bu evdə bircə gün də yaşamayıb. Qısa sərhədçi ömründə canı ilə qoruduğu Vətən sərhədləri ev olub ona. Öz evinin bünövrəsini atsa da, qismət olmayıb tikib yaşamaq. Bu evi isə dövlət verib Şahinin balalarına. Bu evdə atasının şəhadətindən 2 ay sonra dünyaya gəlib, atasının arzusuyla onun adıyla adlanan balaca Şahin və yaş yarımkən atasını itirən Aksana böyüyür. Şəhid Şahinin ayrıca otağı yoxdu. Oturduqları evin bir divarını Şahinə ayırıblar. Burda şüşə dolabın arxasında Şahinin sərhədçi buşlatı, sərhədçi çəkməsi, papağı, şəxsi əşyaları - saatı, telefonu, pulqabısı, qeyd dəftərçəsi var.

27 yaşında qəhrəmancasına şəhadətə yüksələn Şahinin “Vətən müharibəsi Qəhrəmanı”, “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları da bu şüşə dolabda qoyulub. Bütün divarboyu Şahinin şəkilləri asılıb.

Balaca Şahinlə Aksana bu otaqda böyüyürlər. Uşaqlar sevincli olanda sanki Şahin şəkildən gülümsəyir. Hansısa ağlayanda elə bil Şahinin də şəkildə qaşları çatılır. Hərdən balaca Şahin dəcəllik edəndə Aksana şəkli göstərib deyir ki, atama deyəcəm. O zaman Şahin şəkil atasına baxıb sakitcə yerinə oturur, sanki atasının ondan küsəcəyindən qorxur. Anası deyir, hələ yeni dil açanda binanın həyətində bir hərbçinin ardınca qaçıb “Ata, ata!” çağırırmış. Balaca Şahinin üzünü görmədiyi, sevgisini bilmədiyi ata obrazı divardan baxan hərbçi şəklidir…

Bu evin adamları ağlayanda-güləndə, yemək yeyəndə, yatanda hər gün onlara baxan şəhid şəkli ilə, illərdir geyilməyən sərhədçi buşlatı, sərhədçi çəkməsi, illərdir zamanı donmuş saatla bir otaqda yaşamağa alışıb... Bu şəkillər, əşyalar evin əbədi sakinlərinə çevrilib. Darıxanda bu əşyalara toxunub, bu paltarları qoxlayıb təskinlik tapırlar.

- Şəhidlər otağı həmişə bəzəkli, amma axşamlar çarpayısı açılıb-yığılmayan, paltarı, ayaqqabısı həmişə təzə qalan ev adamlarıdır.

- Şəhidlər öz evlərində ən uzunmüddətli yaşayan ölümsüzlərdir.

- Şəhidlər hər iki dünyanın əbədi var olan sakinlərdir.

- Şəhidlər unudulmayanlardır!

Sülhiyyə Şirinova


metbuat.az.