4 Sentyabr 2024 14:57
Sentyabr ayının gəlişi toy sektorunda canlanma səbəbi ilə bir sıra məhsulların, xüsusilə ətin qiymətinin artması ilə bağlı fikirlərin meydana çıxmasına səbəb olub. Yay aylarında ət və ət məhsullarının qiymətində artım müşahidə olunduğunu nəzərə alsaq, yenidən bahalaşma ilə bağlı iddialar əhali arasında narahatlıqla qarşılanıb.
Metbuat.az xəbər verir ki, məsələni “Yeni Sabah”a şərh edən iqtisadçı Xalid Kərimli toy mövsümünün qiymətlərə təsir etməyəcəyini bildirib:
“Ətin qiyməti onsuz da bahalaşıb. Həm mal, həm də qoyun ətinin qiymətinin yay mövsümündə bahalaşması müşahidə olundu. Sentyabr ayında toyların başlaması ilə əlaqədar ətin qiymətində yenidən artım olacağını düşünmürəm. İyul-avqust ayları ətə tələbatın yüksək olduğu bir dönəm idi. İnsanlar bu ərəfədə məzuniyyətə çıxır, istirahət üçün müxtəlif bölgələrə üz tuturdu. Bu səbəbdən ətin, xüsusilə xırdabuynuzlu heyvanların ətinin istehlakı artmışdı. İstehlakın ən yüksək dövrləri iyun-avqust ayları olub”.
İqtisadçı idxalla bağlı məqamların qiymətlərə daha çox təsir göstərdiyini vurğulayıb:
“Toy mösümünün başlaması ilə ətə olan tələbatın iyun-avqust aylarındakından daha çox olacağını düşünmürəm. Müəyyən dövrdə mal ətinin ucuzlaşdığını müşahidə etdik. Səbəb idxalla bağlı idi. Rusiyadan məhsullar gətirildi, bu da qiymətin ucuzlaşmasına təsir etdi. Lakin hazırda mal ətində yenidən bahalaşma var. Qarşıdakı dövrdə idxaldan asılı olan məqamlar ortaya çıxa bilər. İdxal olunan məhsulların həcminin artıb-azalması qiymətlərə təsir göstərə bilər. Ancaq qiymət artımına toy mösümünün səbəb olacağını gözləmirəm”.