23 Sentyabr 2024 14:20
Bakıda təhsil alan tələbələrin əksəriyyətinin bölgələrdən gəldiyini nəzərə alsaq, onların kirayə, qidalanma və digər xərclərinin nə qədər yüksək olduğunu anlamaq olur. Bəs mövcud vəziyyətdə universitetlərin verdiyi təqaüdlərin məbləği yetərlidirmi?
Mövzu ilə bağlı Metbuat.az-a danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, təqaüdlərin hazırkı məbləği tələbələrin gündəlik xərclərini qarşılamaq üçün kifayət etmir:
"Dövlət universitetlərində verilən təqaüdlərin məbləği tələbələrin akademik göstəricilərinə görə dəyişir. Təqaüdlər orta hesabla 100-150 AZN arasındadır. Lakin bəzi xüsusi proqramlarda bu rəqəm daha yüksək ola bilər. Orta göstəricilər isə digər xərclərlə müqayisədə çox aşağı qalır.
Bakı şəhərində kirayə qiymətləri təqribən 300-600 AZN arasında dəyişir. Universitet yataqxanalarının kifayət qədər olmaması səbəbindən çoxlu tələbə kirayə mənzillərdə yaşayır. Təqaüdün təxminən yarısından çoxu təkcə kirayə üçün xərclənir. Bir çox dərslik və tədris materialı xarici mənbələrdən alındığı üçün xeyli baha olur. Bir semestr ərzində tələbələr dərsliklərə təxminən 100-200 AZN xərcləyə bilərlər. Gün ərzində yemək və nəqliyyata ortalama olaraq 10-15 AZN xərcləyirlər. Bu da ay ərzində ən azı 300-450 AZN təşkil edir.
Təqaüdlərin artırılması təhsil keyfiyyətinin yüksəlməsinə, sosial bərabərsizliyin aradan qaldırılmasına və tələbələrin psixoloji sağlamlığının qorunmasına kömək edər. Dünya təcrübəsi göstərir ki, tələbələrə lazımi maliyyə dəstəyi təhsil sisteminin inkişafında mühüm rol oynayır".
Deputat Fazil Mustafa məsələyə münasibət bildirərkən qeyd edib ki, tələbə təqaüdləri artırılmalıdır:
"Bunun üçündə ilk növbədə universitetlərin imkanlarının artırılması vacibdir. Universitet öz tələbəsinə dövlətin verdiyi vəsaitdən əlavə, stimullaşdırıcı variant kimi müxtəlif adlar altında təqaüdlər verməyə çalışmalıdır. Müxəlif tarixi şəxsiyətlərə və onların missiyasına uyğun çalışmalarına görə, tələbələrə bu təqaüdlərin verilməsi olduqca vacibdir. Çünki bu onların daha da elmə, təhsilə bağlanmasına kömək edə bilər.
İndiki şərtlərdə bu universitetlərin gəlir mexanizmləri yetəri qaydada deyil. Bu mexanizmlərin çoxu bürokratik sistem tərəfindən mənimsənilir. Biz buna baxmalıyıq ki, universitetin vəsaiti özündə qalsın. Öz strukturu içində bu vəsaiti müəllimlərin və tələbələrin rifahı üçün xərcləyə bilsin".
Seyranə Quliyeva / Metbuat.az