4 Sentyabr 2024 03:28
28 avqust – 7 sentyabr tarixlərində 81-ci Venesiya Film Festivalı (İtaliya) keçirilir. Festivalda Azərbaycan Kino Agentliyinin (ARKA) rəhbərliyi də iştirak edir.
Metbuat.az xəbər verir ki, Azərbaycan kinosu tarixində ilk dəfə iki film – İkinci Qarabağ müharibəsi haqqında rejissor Emin Əfəndiyevin “Tənha insanın monoloqu” və rejissor Şamil Əliyevin XX əsr Azərbaycan memarlığından bəhs edən “Yaradanlar” filmləri festival çərçivəsində nümayiş olunub. Görkəmli memarlar Mikayıl Hüseynov və Sadıq Dadaşov həyat və yaradıcılığı fonunda “Yaradanlar” filmində Ulu öndər Heydər Əliyevin sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə ziyalıları rejimin təqiblərindən qoruyaraq onların yaşayıb-yaratması üçün xidmətləri və memarlığın inkişafına göstərdiyi qayğı əks olunub.
Bundan başqa, festival gedişində ARKA-nın keçirdiyi müsabiqədə qalib olmuş layihələrin xarici şirkətlərlə birgə istehsalı üçün prodüserlərin cəlb edilməsi ilə bağlı təqdimatlar da reallaşıb. Rejissor İlqar Nəcəfin “Quşlar susanda” film layihəsi ilə yanaşı, ARKA-nın maliyyə dəstəyi ilə çəkiləcək digər film layihələri də xarici prodüserlərə təqdim olunub.
Venesiya Film Festivalı ekran əsərlərinin birgə istehsalı baxımından xarici şirkətlər və prodüserlərlə təmaslar qurmaq baxımından olduqca əhəmiyyətli platformadır.
Qeyd edək ki, vaxtilə bu nüfuzlu festivalın tarixində azərbaycanlı rejissor Hilal Baydarovun “Səpələnmiş ölümlər arasında” bədii filmi də əsas müsabiqə proqramında yer alıb.