24 Oktyabr 2024 09:48
Azərbaycan Mərkəzi Bankı (AMB) "Xalq Sığorta", "Bakı Sığorta" və "Meqa Sığorta" ASC-lərə icrası məcburi göstəriş verib.
Metbuat.az xəbər verir ki, bu barədə AMB məlumat yayıb.
Bildirilib ki, qurumun həyata keçirdiyi araşdırma və sığorta bazarının ümumi monitorinqi zamanı adı çəkilən şirkətlərin “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığorta hadisələri tənzimləyərkən “Yol‐nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair Qayda”nın müvafiq bəndlərinə əməl etmədiyi üzə çıxıb. Müəyyən edilmiş nöqsan və çatışmazlıqlarla bağlı “Sığorta fəaliyyəti haqqında” qanunun 102.2.9-cu maddəsinə əsasən sığortaçılara icrası məcburi göstəriş verilib.
Xatırladaq ki, bundan əvvəl AMB "PAŞA Sığorta", "Qala Sığorta" və "Azərbaycan Sənaye Sığorta" ASC-lərə eyni səbəbdən icrası məcburi göstəriş vermişdi.