9 Oktyabr 2024 20:04
Qərb qüvvələrinin iqlim dəyişikliyi də daxil olmaqla müxtəlif məsələlərdə Azərbaycana təzyiq göstərmək cəhdləri faydasız və misli görünməmişdir.
Metbuat.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə “Baku TV”nin sualını cavablandırarkən deyib.
"Azərbaycana təzyiq göstərmək faydasızdır. Azərbaycana dəfələrlə müxtəlif məsələlərdə təzyiq göstərilib. Məsələ təkcə suveren dövlətlərə təzyiq göstərilməsinin yolverilməzliyi ilə bağlı prinsipial mövqedən getmir, həm də bu mövzu (iqlim dəyişikliyi) mütəxəssislərin real cəlb olunmasını tələb edir. Bu, ABŞ-nin özünə sərfəli qərarı qəbul etdirmək üçün hamının başına vuracağı növbəti siyasi "dəyənək" olmamalıdır. Bunlar populyar iqlim mövzusu ətrafında süni ajiotaj yaratmaq üçün istifadə olunur. Əslində isə ABŞ və digər Qərb ölkələri iqlim maliyyələşdirilməsi sahəsində yeni kollektiv kəmiyyət məqsədinin razılaşdırılmasını, eləcə də beynəlxalq karbon vahidləri bazarının yaradılması məsələsində konsensusa nail olunmasını faktiki olaraq sabotaj edirlər", - o bildirib.
M.Zaxarovanın sözlərinə görə, ABŞ-nin bu cür taktikası COP iqlim konfransından əvvəl ildən-ilə təkrarlanan klassik üsuldur.
“Hər il İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı ərəfəsində Vaşinqton sədrlik edən dövlətə təzyiqi artırır. Biz, məsələn, 2022-ci ildə Şarm-əl-Şeyxdə Tərəflər Konfransından əvvəl bunun şahidi olmuşuq. Eyni hal keçən il Dubayda da baş verib. İndi isə biz uydurma bəhanə ilə Azərbaycana qarşı təzyiqlərin necə artdığını müşahidə edirik”, - M.Zaxarova vurğulayıb.