23 Oktyabr 2024 16:16
Azərbaycanda ilin əvvəlindən bu günədək (yanvar ayından oktyabrın 22-dək - red) maqnitudası 3 və ondan yuxarı 45 zəlzələ qeydə alınıb.
Metbuat.az Report-a istinadən xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin rəsmi saytında qeyd olunub.
Məlumata görə, yeraltı təkanlardan 38-nin maqnitudası 3 və 3-dən yuxarı, 4-ü 4 maqnitudadan yuxarı, daha 3-ü isə 5 maqnitudadan yuxarıdır.
Sözügedən dövr ərzində təbiət hadisəsi Xəzər dənizində, Şamaxıda, Saatlı-Sabirabad sərhədində, Ağdaş, Goranboy, İmişli, Lənkəran, Tovuz, Hacıqabul, Lerik, Quba, Göygöl, Biləsuvar, Cəlilabadda, Kəlbəcərdə qeydə alınıb.
Qeyd edək ki, bu statistika yalnız maqnitudası 3 və 3-dən yuxarı qeydə alınan yeraltı təkanlara aiddir. Zəlzələ ilə bağlı məlumatlar ümumi protokol qaydalarına (maqnitudası 3 və 3-dən yuxarı olan zəlzələlər haqqında ictimaiyyətin məlumatlandırılması) görə yayılır. Ümumilikdə, hər ilin sonunda Azərbaycanda və ona bitişik ərazilərdə, eləcə də RSXM-nin seysmik stansiyaları tərəfindən qeydə alınan dünya ölkələri üzrə zəlzələlərin ümumi statistikası açıqlanır.