26 Oktyabr 2024 14:51
Kamilla Məmmədzadə Azərbaycanın gənc və perspektivli istedadlarından biri olmaqla yanaşı, beynəlxalq səviyyədə də uğur qazanan bir şagirddir. Beynəlxalq IB məktəbində MYP (Middle Years Programme) üzrə təhsil alan Kamilla, Böyük Britaniyada keçirilən "Owlypia" beynəlxalq yarışmasında Azərbaycanı təmsil etmişdir. MYP, şagirdlərin intellektual və şəxsi inkişafını təşviq edən bir proqramdır.
Bu proqram çərçivəsində Kamilla, akademik bilikləri və sosial bacarıqları ilə yarışda fərqlənmişdir. Kembricdə keçirilən Global Round-da Kamilla və digər şagirdlər məktəbin Humanitar elmlər müəllimi Gülanə Əliyevanın rəhbərliyi altında iştirak edərək, müxtəlif kateqoriyalarda bilik, inşa və debat yarışlarında uğurla iştirak etmişlər.
Kamilla, yarışın akademik hissəsində iki gümüş medal qazanmışdır. Onun bu nailiyyətləri beynəlxalq arenada özünü təsdiq etməklə yanaşı, komandasına da mühüm töhfə vermişdir. Lakin Kamillanın uğurları bununla kifayətlənmir. Yarışda musiqi istedadı ilə də önə çıxan Kamilla, Kembric səhnəsində Azərbaycanın bayrağını dalğalandıraraq, ölkəsinin mədəniyyətini layiqincə təmsil etmişdir. Onun çıxışı iştirakçılar və münsiflər heyəti tərəfindən böyük rəğbətlə qarşılanmışdır.
Məktəbin komandası iki kubok, səkkiz qızıl, dörd gümüş və doqquz bürünc medal qazanaraq yarışda böyük uğur əldə etmişdir. Kamillanın həm akademik, həm də yaradıcılıq sahəsindəki bu nailiyyətləri onun gələcəkdə daha böyük zirvələrə çatacağının göstəricisidir.
Kamilla Məmmədzadənin bu uğurları Azərbaycanı beynəlxalq arenada təmsil edən gənc istedadların nə qədər parlaq potensiala malik olduğunu bir daha sübut edir. Onun zəhməti və istedadı, gənclərimiz üçün bir nümunə olaraq qalır.